Kanadanın Baş naziri Castin Trüdo Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Ukraynaya 500 milyon Kanada dolları dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
“Vaşinqtonda NATO Sammiti çərçivəsində keçirilən görüşdə Ukrayna prezidenti Vladimir Zelenski və Kanadanın baş naziri Castin Trüdo Rusiyanın Ukraynaya son raket hücumunu pisləyiblər”, - məlumatda deyilir.
Kanada hökumətinin başçısı vurğulayıb ki, onun ölkəsi Kiyevdəki Oxmatdıt uşaq xəstəxanasına Rusiyanın hücumu nəticəsində zərər çəkənlərə lazımi tibbi yardım göstərməyə hazırdır.
Qeyd olunur ki, Trüdo Ukraynaya 500 milyon Kanada dolları məbləğində yeni, əlavə hərbi dəstək paketini də açıqlayıb.
"Xalqımızın bunu eşitməsi çox vacibdir. Yardımınıza, əlavə müdafiə paketinə görə təşəkkür edirik. Bu, döyüş meydanındakı qəhrəmanlarımızı daha da gücləndirəcək", - Zelenski bildirib.
İki ölkə liderləri Ukraynanın müdafiə ehtiyaclarını müzakirə edib və qırıcı koalisiyası çərçivəsində əməkdaşlığı koordinasiya ediblər.
Prezident Aparatının məlumatına görə, prezident ukraynalı pilotlar üçün təlim missiyalarının genişləndirilməsinin zəruriliyindən danışıb. Tərəflər ukraynalı pilotlar üçün Kanadanın uçuş simulyatorları üzrə əlavə təlimlərin keçirilməsi və ilk Sülh Sammitinin yekunları əsasında tematik görüşlərdən birinin Kanadada keçirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”