ABŞ prezidentliyinə namizədliyini irəli sürən respublikaçı Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Vaşinqtonun NATO müttəfiqlərinə verdiyi kəşfiyyat məlumatlarının həcmini azaltmaq imkanını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, hazırda məlumatların təqdim olunduğu ölkələr Ukraynanın Rusiyaya müqavimət göstərməsinə kömək edən məlumatları almaq üçün ABŞ-dan asılıdır. Məqalədə vurğulanır ki, kəşfiyyat məlumatlarının azalması, xüsusilə Ukrayna üçün təhlükəli nəticələri ola bilər”.
Qəzetin mənbələri bildirib ki, Tramp müşavirləri ABŞ-ın NATO üzrə müttəfiqlərinin nümayəndələrinə məlumat ötürülmələrinin məhdudlaşdırılmasının Vaşinqtonla alyans arasında dəstək və əməkdaşlığı azaltmaq üçün daha geniş planın bir hissəsi olacağını deyiblər.
Nəşr amerikalı rəsmiyə istinadən yazır ki, ABŞ-dan daha az məlumat almaqla avropalı müttəfiqlər Rusiyanın hipotetik hücumuna daha həssas olacaq.
Qəzetin yazdığına görə, Birləşmiş Ştatlar son illərdə NATO müttəfiqlərinə Rusiyanın Ukraynadakı hərəkətləri, o cümlədən hərbi manevrləri və taktiki hərəkətləri haqqında mühüm məlumatlar verib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”