Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla söhbəti zamanı deyib ki, rəhbərlik etdiyi təşkilat Türkmənistanla əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkmənistanın rusdilli rəsmi qəzeti olan “Neytralnı Turkmenistan” məlumat yayıb.
Qəzet bildirib ki, A.Quterreş Q.Berdiməhəmmədovun son illərdə yeni keyfiyyət və məzmun kəsb edən ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə böyük şəxsi töhfəsini qeyd edib.
Öz növbəsində Xalq Məsləhətinin rəhbəri beynəlxalq təşkilatlar və BMT-nin struktur bölmələri ilə əlaqələrin səmərəliliyi barədə məlumat verib və Türkmənistan tərəfinin qarşılıqlı anlaşma mühitinin yaradılması və saxlanmasına yönəlmiş təşəbbüslərini dəstəklədiyinə görə baş katibə minnətdarlığını bildirib.
Qeyd edək ki, Türkmənistan 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü olub. 1995-ci ildə 185 dövlətin konsensusu ilə ona neytral status verilib. 2015-ci il iyunun 3-də BMT Baş Assambleyasının 69-cu sessiyasında 193 dövlətin dəstəyi ilə ikinci dəfə “Türkmənistanın daimi neytrallığı” adlı qətnamə qəbul edilib.