Azərbaycana qarşı həmişə qərəzli mövqe nümayiş etdirən “Amnesty International” təşkilatı son hesabatında yenə də ölkəmiz haqqında həqiqətdən çox-çox uzaq olan məlumat yayıb. Bu dəfə sözügedən qurum BMT-nin İqlim Dəyişiklikləri Çərçivə Konvensiyasının Tərəfləri Konfransının noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyasını (GOP29) hədəfə alıb. Belə ki, çağırış xarakterli həmin məlumatda bildirilir ki, Azərbaycan hakimiyyəti həm GOP29 tədbirləri çərçivəsində, həm də ondan kənarda bütün fundamental insan hüquqlarının qorunmasına və hörmət edilməsinə təminat verməlidir. Hətta sözügedən təşkilat elə bu kimi səbəblərin guya COP29-un iştirakçılarının təhlükəsizliyi üçün narahatlıq yaratdığını vurğulayır. Elə bu fikirlərdən açıq-aydın görünür ki, “Amnesty International”ın bu çağırışı COP29 ərəfəsində ölkəmizin nüfuzuna xələl gətirməyə hesablanıb.
Bəri başdan qeyd edək ki, Azərbaycan beynəlxalq müstəvidə güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca amil hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti yüksək qiymətləndirilir. Hətta bu gün ölkəmiz sözün həqiqi mənasında, sabitlik adası kimi xarakterizə olunur.
Təşkilatın mətbuatla bağlı fikirlərinə gəldikdə, qeyd edə bilərik ki, ölkəmizdə söz-mətbuat azadlığı əsla sıxışdırılmır. Azərbaycan hökuməti mətbuatın azad inkişafına diqqət yetirərək, KİV-lərin fəaliyyətinin genişlənməsinə və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə həmişə xüsusi diqqət ayırır. Ölkəmizdə fikir, söz və məlumat azadlığı Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.
Amma külli miqdarda pul vəsaitlərinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktları mövcuddur ki, belə cinayətlərə baş vuranlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Yəni, xaricdən qanunsuz vəsait alan hansısa hansısa şəxs istintaqa cəlb edilibsə, o demək deyil ki, Azərbaycanda media, söz azadlığı yoxdur. Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bu məsələdə hansısa qanun pozulduğunu iddia etmək isə əllaməlikdən başqa bir şey deyil. Həmin təşkilat unutmasın ki, bu gün informasiya əsridir. Bu mənada internet dövründə bu kimi iftiralarla dünyanın ən ucqar nöqtəsində belə kimlərisə belə yalan məlumatlara inandırmaq mümkün deyil.
Şübhəsiz, ölkəmiz əleyhinə belə qərəzli məlumatlar yayanlar Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi Qərb dairələrinin, xüsusilə Fransanın, həmçinin erməni diasporunun sifarişlərini yerinə yetirirlər. Nəticədə öz var-dövlətlərini artırırlar. Fikrimizcə, burada Prezident İlham Əliyevin aşağıdakı sözlərini xatırlatmaq yerinə düşər: “Azərbaycan davamlı olaraq mətbuatın hədəfindədir, dırnaqarası müstəqil QHT-lərin hücumuna məruz qalır. Hamımız bilirik ki, onlar müstəqil deyil. Kim deyə bilər ki, “Human Rights Watch”, “Amnesty International” və “Freedom House” müstəqildirlər. Baxın, onlar kimdən pul alırlar və kim musiqini sifariş edir. Onda görəcəksiniz ki, onlar tamamilə asılıdırlar”.
Qvami Məhəbbətoğlu, “İki sahil”