Üzv dövlətlər ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı – red.) fəaliyyətinin təkmilləşdirilməsini əsas vəzifələrdən biri hesab edir və bunun təşviqi üçün əllərindən gələni edirlər. Bu istiqamətdə işlər Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və təşkilatın digər mühüm mexanizmləri səviyyəsində aparılır”
“İki sahil” xəbər verir ki, bunu Kazinform-a müsahibəsində ŞƏT-in baş katibi Çjan Minq deyib.
Onun sözlərinə görə, ŞƏT-in yaradılmasından iyirmi ildən çox vaxt keçib, bu müddət ərzində bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub, beynəlxalq vəziyyətdə mühüm dəyişikliklər baş verib: “ŞƏT-in modernləşdirilməsi və islahatları üçün perspektivli və konstruktiv plan hazırlanacaq”.
Baş katib deyib ki, 2022-ci ildə Səmərqənd sammitində üzv dövlətlərin başçıları ŞƏT-in fəaliyyətinin təkmilləşdirilməsi barədə qərar qəbul ediblər. “2023-cü ilin martında Qazaxıstan tərəfinin sədrliyi ilə Astanada bu mövzu ilə bağlı ilk ekspert məsləhətləşmələri keçirilib və nəticədə bu işə Milli Koordinatorlar Şurasının, Xarici İşlər Şurasının iclaslarında baxılması qərara alınıb. Hazırda ŞƏT-ə üzv dövlətlər bu məsələ ilə bağlı bir sıra mühüm razılaşmalar əldə ediblər və müəyyən edilmiş plan üzrə müvafiq işləri irəli aparırlar. Bu hələ davam edən iş olduğu üçün bütün təfərrüatları açıqlaya bilmərəm. Bununla belə, mən əminəm ki, üzv dövlətlərin birgə səyləri ilə biz ŞƏT-in modernləşdirilməsi və islahatı üzrə perspektivli və konstruktiv plan hazırlaya biləcəyik ki, bu da Təşkilatımıza zamanla ayaqlaşmağa və üzv dövlətlərin xalqlarına daha çox fayda gətirməyə kömək edəcək”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”