28 iyun 2024 10:01
529

Avropa birinciliyi: Daha iki boksçumuz yarımfinalda

İki yeniyetmə boksçumuz - Nihat Qasımov və Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

Azərbaycan Boks Federasiyasından “İki sahil”ə verilən məlumata görə, N.Qasımov 48 kiloqram çəki dərəcəsində Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (+80 kiloqram) də adını yarımfinala yazdırıb. O, Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib elan olunub.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün bürünc medalı da təmin ediblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kiloqram) və Əminə Tağı (52 kiloqram) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.