14 iyun 2024 16:30
1017

11-cilər üçün son dəfə çalınan zəng…

11 il öncə körpə fidanlar ilk zəngin sədaları altında bir az ürkək, bir az kövrək, həyəcanlı duyğularla məktəb həyatına ilk qədəmlərini qoydular.  Bu gün isə son dəfə çalınan zənglə onlar  doğma məktəblərinə, müəllimlərinə, sinif yoldaşlarına və qayğısız illərə vida edəcək, müstəqil həyata salam söyləyəcəklər.

Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Hər kəsin həyatında bir dəfə çalınan bu zəng sabaha açılan qapı və gələcəyə aparan yolun başlanğıcıdır.  Məzunlar təkcə məktəblə deyil, yarıyuxulu, yarıoyaq valideynlərinin əlindən tutub dərsə gəldikləri ilk günlə,  bəzən bəhanə  ilə məktəbə getməmək üçün danışdıqları yalanla, əzbərləyə bilmədikləri şeirlə,  unutduqları ev tapşırığı ilə, qarışdırdıqları vurma cədvəli ilə, paltarlarına düşən təbaşir tozu ilə, balaca çiyinlərində daşıdıqları məktəb çantaları ilə, hər gün qarşısına çıxdıqları lövhə ilə, qələm tutmağı öyrədən müəllimləri də vidalaşırlar.

İyunun 14-də bütün ümumtəhsil müəssisələrində olduğu kimi,  Xətai rayonundakı Humanitar fənlər  təmayüllü məktəb-liseydə də  məzunlar üçün “Son zəng” tədbiri keçirildi. Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Məktəbin həyətinə daxil olarkən oraya toplaşan müəllim və məzunların təlaşlı olduğu kənardan aydın hiss olunurdu. Valideynlər də övladları qədər həyəcanlı idilər.   

“İki sahil” əməkdaşlarının izlədikləri tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbiri giriş nitqi ilə açan liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərova əvvəlcə məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik etdi və təhsil ocağının uğurları, şagirdlərin əldə etdikləri nailiyyətlər haqqında geniş məlumat verdi.

Direktor sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu çətin və şərəfli yolda böyük müvəffəqiyyətlər arzuladı:“11-cilər üçün həyatın burulğanında, enişli-yoxuşlu yollarında büdrəməmələri üçün müstəqil həyata qapı açan açar üzlərinə hər zaman xeyirli qapı açsın. Həyatlarınızın yeni mərhələsinin qapıları hər zaman açıq olsun!”

Nəzakət Əsgərova təhsilə və təhsil işçilərinə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin və eləcə də ölkənin birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs etdi.

Çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin Keyfiyyətinə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə məzunlara gələcək həyat və təhsillərində nailiyyətlər arzuladı.  O, gənc nəsildə təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılmasının ən ümdə məsələlərdən olduğunu bildirdi. Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Anar Mustafazadə onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirdi.

Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov icra  başçısı Rafiq Quluyevin adından məzunları təbrik etdi, onlara yeni həyat mərhələsində uğurlar arzuladı. Gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. Məzunlara xoş arzularını çatdırmaqla ölkəmiz üçün onların layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdi, gələcək həyatlarında uğurlar arzuladı.

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Komitəsinin prezidenti Fəzail Bağırov çıxışında ölkəmizin gələcək qurucuları olan gənclərə-günün səbəbkarlarına aydın səma, hansı sahədə çalışmalarından asılı olmayaraq hər zaman məktəbin şərəfini uca tutmağın vacibliyini  diqqətə çatdırdı.

Şəhid Nicat Şükürlünün anası, liseyin müəllimi Yeganə Şükürova isə çıxış nitqində  şagirdləri ilə bağlı xoş xatirələrini bölüşərək onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Digər natiqlər də buraxılış siniflərinin şagirdlərini təbrik etdi, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd etdilər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzuladılar.

Tədbirdə tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş liseyin şagirdlərinə Fəxri fərman və diplomlar verildi.

Rəsmi hissə bitdikdən sonra  meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Mərasim məzunların hazırladıqları maraqlı mahnı və rəqslərdən ibarət ədəbi-bədii kompozisiyalarla davam etdirildi.   Sehrli "Bilik açarı"nı liseyin onuncu sinif şagirdlərinə verən məzunlar məktəbə əlvida dedilər.

Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.

Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Məzun olmağın sevinci ilə, məktəbdən ayrılmağın kədərini eyni anda yaşayan 11-cilərin həyatında ən önəmli günlərdən biridir. “İki sahil” olaraq  müstəqil həyata ilk qədəmləri qoyan məzunların duyğulu anlarına şahidlik etdik.

Günün səbəbkarlarından olan Nəcəfli Xatirənin sözlərinə  görə, hər zaman müəllimlərinin dəstəyini hiss edib: “Müəllimlərimə əziyyətlərinə görə təşəkkürümü bildirirəm. Məktəb illərim mənim üçün unudulmazdır.  Bu il məzun olan hər kəsə uğurlar arzu edirəm. Məzunlara sözüm odur ki, inkişaf etmək üçün  gələcək həyatınızda da  daim çalışın. Oxumaqdan və öyrənməkdən heç zaman vaz keçməyin.

Məktəb həyatına əlvida deyən məzunlardan biri Tahir Əzizova yaxınlaşdıqda onun da digər məzunlar kimi qarışıq hislər yaşadığını hiss etdik: “Nə qədər desək də ki, məktəb qurtarsın. Bu gün isə məktəbin bitməsini heç istəmirik. Sevinirəm ki, məktəb illərimin qədrini yaxşı bildim. Müəllimlərim hər zaman bizə dəstək olub, qayğımıza qalıb, öyrətməkdən heç zaman yorulmayıblar. Bütün məzunlara bol uğurlar və daha gözəl günlər arzu edirəm. İnşallah ki, bütün məzunlar tələbə adını qazanar, valideynlərinə xeyirli övlad olarlar.”

Turan  Əliyev də təəssüratlarını belə ifadə etdi: “11 illik məktəb həyatına vida söyləmək heç də asan deyil. Hər zaman yanımda olub, mənə dəstək olduqları üçün məktəbimizin direktoru Nəzakət müəlliməyə, bütün müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm. Sinif yoldaşlarımı müəllimlərimi, dogma məktəbimi heç zaman unuda bilmərəm. Bu ilki qəbul imtahanın nəticələrinə görə ikinci ixtisas qrupu üzrə ən yüksək balı mən topladım. Bu mənim üçün çox qürurverici olmaqla yanaşı, gələcək inkişafım üçün daha əzmlə çalışmağımda növbəti stimul oldu.

Unudulmaz günün hərarətinə toplaşan zəhmətkeş müəllimlər duyğulu anlar yaşayır,  bu kədər qarışıq sevincli  duyğularla zəngin ovqata köklənmiş,  məzunlara könül dolusu uğurlar arzuladılar. Məzunlar qarşısında geniş üfüqlər açıldığını vurğuladılar.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Ulduz Əliyeva sağlam mühit sağlam gənclikdən başlayır. Sağlam gənclik sağlam mühit olan məktəbdə formalaşır. Həmişə çalışmışam ki, nümunəvi şagirdlərim olsun. Bu gün sevincliyəm ona görə ki, məzunlarımız böyüyüb yeni həyata qədəm qoyurlar. Kədərlənirəm ki, uşaqlarımdan ayrılıram. Şagirdlərim sırasında Respublika Fənn  Olimpiadalarında qalib olanlar, Fərqlənmə Attestatı alanlar, “Sabahın alimləri” müsabiqəsinin qalibləri də var.  Məzunlarımın hər biri intizamlı, tərbiyəli, savadlıdır. Bilirəm ki, onlar üçün çox darıxacağam. Arzularım isə sonsuzdur. Hər birini gələcəkdə  yüksək vəzifələrdə görmək istərdim. Qoy, heç zaman büdrəməsinlər. Onlara uzun ömür, işıqlı yollar arzu edirəm.”

Coğrafiya müəllimi Natiqə Hüseynova bu gün qürur hissi keçirdiyini dilə gətirdi: “Şagirdlərimin hər biri mənim övladımdır. Onlara gözəl  gələcək yolu diləyirəm. Məzunlarımızla fəxr edirik. Onlar yeni yolun başlanğıcındadırlar. Hər birinə uğurlar arzu edirik.  İstərdik ki, məktəbdə öyrəndikləri bu bacarıqları həyatda tətbiq etsinlər və həmişə məktəbimizi necə uğurla təmsil ediblərsə, gələcəkdə də  valideynləri üçün gözəl övlad, ölkəmiz üçün isə gözəl vətəndaş olsunlar. Həyatda ən gözəl nə varsa, onlara nəsib olsun. Məktəbimizin direktoru Nəzakət müəllimə,  müəllim kollektivini,  məzunlarımızı, onların valideynlərini təbrik edir. Onlara göz aydınlığı verirəm.  ”

Bu gün qarışıq duyğular yaşayanlar içində valideynlər də var idi. Onların 11 il öncə körpə əllərindən tutaraq gətirdikləri məktəbdən  övladları bu gün məzun olaraq ayrılır, müstəqil həyata ilk qədəmlərini qoyurlar.

Övladımın həyatında yeni bir səhifə, gələcəyə yeni bir pəncərə açıldığı üçün sevincli olan Turanə Qasımova bildirdi ki, bu gözəl hissi yaşamağı bütün valideynlərə arzu edirəm. Məzunların maariflənməsində, onların cəmiyyətimizə layiqli vətəndaş kimi böyüməsində əziyyəti olan bütün müəllimlərə valideyn kimi öz təşəkkürümü bildirirəm. Xoşbəxtəm ki, övladım məhz bu liseyin tələbəsidir. Nəzakət müəllimənin rəhbərliyi altında bütün müəllimlərimizdən çox razıyam.  Bütün məzun analarını təbrik edirəm, gözləri aydın olsun. İnşallah övladımızın tələbə adını qazandığı xəbərini eşidək.”

Sitarə Mirzəyeva qeyd etdi ki, bu gün bütün valideynlər kimi mənim də ürəyim fərəhlə doludur. Bütün məzunları təbrik edirəm. Hər birinə tələbə olmağı arzu edirəm. Məzunların maariflənməsində, onların cəmiyyətimizə layiqli vətəndaş kimi böyüməsində əziyyəti olan bütün müəllimlərə valideyn kimi öz təşəkkürümü bildirirəm.”

Beləliklə, məktəbə vida edən on birincilər məktəb xatirələrinin sonuncu səhifəsinə də bu başlığı yazdılar: SON ZƏNG…

Biz də “İki sahil” olaraq məzunların hər birinə gəncliyin verdiyi fürsətlərdən yararlanmağı, düzgün sənət seçməyi, müstəqil həyata doğru sağlam və uğur dolu əmin addımlarla irəliləməyi arzu edirik.  Müstəqil həyata doğru sağlam və uğurla dolu addımlarla irəliləməyinizi arzu edirik. Hər biriniz tələbə adına layiq görülüb öz əməllərinizlə Vətənimizin adını həmişə zirvələrə ucaldasınız. Səsiniz zirvələrdən gəlsin. Çalınan bu zəng məktəbin son, uğurlarınızın  isə ilk sədası olsun. “Son zənginiz” mübarək! 

Məktəbin son, müstəqil həyatınızın ilk zənginin sədası daim yüksəklərdən gəlsin.

Yaqut Ağaşahqızı, “İki sahil”