07 iyun 2024 11:45
651

"SOCAR Türkiyə" “29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə davamlı inkişaf layihələrini açıqlayıb

"SOCAR Türkiyə" 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində“sıfır karbon emissiyası” stendində Türkiyədəki investisiyaları və davamlılıq strategiyasını paylaşıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) baş tərəfdaşı olduğu və 29-cu dəfə qapılarını açan regionun ən böyük enerji yarmarkası 4-6 iyun 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirildi. Türkiyənin ən böyük xarici investoru və ən böyük inteqrasiya sənaye qrupu olan "SOCAR Türkiyə" Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində Türkiyədəki sərmayələrinin davamlılıq yanaşmasını nümayiş etdirdi.

Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin də vurğulandığı stend hissəsində "SOCAR Türkiyə"nin və qrup şirkətlərinin, eləcə də “SOCAR Türkiyə Ar-Ge” tərəfindən hazırlanmış və həyata keçirilən “Davamlı Aviasiya Yanacağı (SAF), yeni çirkab su məhsullarının işlənməsi, “Dimetil Eter” (DME) və tullantı plastiklərdən əldə edilən yağın dönüşümü, hərtərəfli davamlılıq layihələri haqqında ətraflı məlumatlar  video-roliklərlə sərgi ziyarətçilərinin diqqətinə çatdırılıb.

"Ar-Ge Mərkəzi" ilə davamlılıq hədəflərinə doğru mühüm addımlar atılır

Reologiya, katalizator, polimer xarakteristikası, ətraf mühit və biotexnologiya, kimyəvi analiz və xromatoqrafiya sahələrində xidmət göstərən 6 laboratoriyası olan “SOCAR Ar-Ge Mərkəzi” innovativ həllər ilə səmərəliliyi artıraraq “SOCAR Türkiyə”nin davamlılıq hədəflərinə töhfə verir. Davamlı gələcək üçün sənaye sahəsində xüsusi diqqət yetirilən məsələlərə karbon qazı emissiyalarını azaltmaq və onları qiymətli məhsullara çevirmək üçün karbon tutma və çevrilmə tədqiqatları, bioresurslardan davamlı aviasiya yanacağı və bionafta istehsalı, plastiklərin kimyəvi təkrar emalı, bioplastik istehsalı, yaşıl hidrogen və ammonyak istehsalı daxildir.

Sıfır karbon emissiyasına malik stend

“SOCAR Türkiyə” sərgidə karbon emissiyası sıfır olan stendlə də iştirak edib. Sərgiqabağı hazırlıq prosesindən sərginin sonuna qədər bütün uçuşlar və logistika daxil olmaqla, yaranan karbon emissiyaları hesablanmış və nəticədə karbon emissiyaları sertifikatlaşdırılmış karbon ofset layihələri ilə zərərsizləşdirilmişdir. Bu təşəbbüs ətraf mühitə təsiri balanslaşdırmaq məqsədi daşıyır.

2050-ci ilə qədər karbon emissiyalarını sıfıra endirməyi hədəfləyir

“SOCAR Türkiyə” insanlara, cəmiyyətə və ətraf mühitə fayda vermək istiqamətində həyata keçirdiyi strategiya və yol xəritəsi ilə Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Qlobal inkişafları izləməklə hazırlanmış davamlılıq strategiyası üç əsas mexanizm üzərində qurulmuşdur: Dekarbonizasiya, Dövri İqtisadiyyat, Yaşıl Maliyyə. Strategiyanın icra mərhələləri və yol xəritəsi qısamüddətli (2021-2025), ortamüddətli (2025-2030) və 2030-cu ildən sonrakı uzunmüddətli dövr olaraq müəyyən edilib. Dekarbonizasiya strategiyası çərçivəsində 2025-ci ilə qədər karbon emissiyalarını hər il orta hesabla 1% azaltmaq üçün enerji səmərəliliyi, elektrikləşdirmə və resursların idarə edilməsi sahələrində araşdırmalar həyata keçirilir. Hədəf 2035-ci ilə qədər karbon qazının 40 faiz azaldılması və 2050-ci ilə qədər təmiz tullantıların sıfır olması kimi müəyyən edilib.

Enerji sektorunda innovativ texnologiyalara sərmayə

“SOCAR Türkiyə” gələcəkdə davamlılıq sahəsində investisiyalarını artırmağı planlaşdırır. Yaşıl hidrogen istehsalı, karbon tutma və saxlama texnologiyaları kimi qabaqcıl texnoloji layihələrinə sərmayə qoyaraq enerji sektorunda qabaqcıl olmağı hədəfləyir. Bundan əlavə, sosial fayda verəcək sosial məsuliyyət layihələri ilə cəmiyyətin müxtəlif təbəqələrinə əhatə edən “SOCAR Türkiyə” davamlılıq sahəsində bu qətiyyətli addımları ilə həm Türkiyədə, həm də beynəlxalq arenada nümunəvi bir model yaratmağa davam edir.

Orxan Vahidoğlu, "İki sahil"