Türkiyənin BRİKS-ə qoşulmaq marağı ilk növbədə iqtisadi mülahizələrdən irəli gəlir və onun Ukraynaya verdiyi dəstəyə təsir etmir.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Ukrinform”a müsahibəsində deyib.
"Türkiyənin BRİKS ilə əlaqəsindəki hazırkı sürüşmə iqtisadi motivlidir. Bu, onun məhsulları üçün bazar axtarışını, investisiya resurslarını və Çin şirkətlərini öz daxili bazarına cəlb etmək səylərini əks etdirir. Əsas məqam ondan ibarətdir ki, Bu proses Türkiyənin Ukraynaya dəstəyinə birbaşa təsir etmir”, - Bodnar bildirib.
Onun sözlərinə görə, Türkiyə özünü geniş maraqları olan qlobal oyunçu kimi göstərməyi hədəfləyir: "Bu, Türkiyənin artan sənaye, hərbi və siyasi ambisiyaları ilə bağlıdır. Qlobal arenada rol almaq istəyən ölkələrin, hətta vaxtilə asılı olduqları dövlətlərlə belə tərəfdaşlıqlar qurması təbiidir".
Diplomat qeyd edib ki, Türkiyənin Çin, Hindistan və Səudiyyə Ərəbistanı kimi ölkələrlə artan əlaqələri Qərb dövlətləri tərəfindən ciddi tənqid və təzyiqlərə səbəb olmayıb.
Əvvəlki məlumatlarda Türkiyənin BRİKS-ə qoşulmaq üçün müraciət etdiyi, lakin bu addımın Hindistan tərəfindən əngəlləndiyi bildirilirdi. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri bəyan edib ki, Türkiyə BRİKS-ə qoşulmaqda maraqlı olduğunu ifadə edib, lakin təşkilatda yeni üzvlər üçün institusional mexanizm yoxdur və hələlik heç bir ölkə rəsmi olaraq üzv olmağa dəvət edilməyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”