Müsahibimiz iqtisadçı ekspert Vüqar Bayramovdur
- İlk olaraq minimum əmək haqlarının artırılmasından söhbət açaq. Məlum olduğu kimi, ölkəmizin başçısı cənab İlham Əliyev 2018-ci ildən minimum əmək haqqlarının artırılması ilə bağlı Sərəncam imzaladı...
-Bəli, mövcud artıma əsasən, minumum əmək haqqının məbləği 116 manatdan 130 manatadək artırılacaq. Bu artım təxminən 145 min vətəndaşımıza təsir göstərəcək. Nəticədə istər özəl, istərsə də dövlət şirkətləri və ya müəssisələri Sərəncamda qeyd edilən minimum əmək haqqından aşağı əmək haqqı təklif etmək, hətta rəsmiləşdirmək imkanına malik olmayacaqlar. Bildiyiniz kimi, minimum əmək haqqında artımla yanaşı, yanvar ayında pensiya məbləğlərinin indeksasiyası həyata keçiriləcək. Yəni, 2018-ci ilin yanvarında pensiya məbləğləri əvvəlki illərdən fərqli indeksasiya olunacaq. Bildiyiniz kimi, əvvəlki illərdə pensiyaların baza və yığım hissəsi var idi. 2017-ci il iyulun 1-də təsdiq edilmiş yeni qanunvericiliyə əsasən, pensiyaların baza hissəsi ləğv edilib və mövcud qanunvericiliyə əsasən artıq pensiyanın baza hissəsi bütövlükdə pensiya məbləğinə indeksasiya tətbiq olunacaq və pensiya məbləğində artımlar müşahidə olunacaq. Digər dəyişiklik ondan ibarətdir ki, pensiya məbləğinin indeksasiyası əgər əvvəlki illər inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunurdusa, artıq yeni qaydalara əsasən, orta aylıq əmək haqqındakı artım tempinə uyğun olaraq indeksasiya olunacaq. Bu isə o deməkdir ki, 250 manat pensiya alan vətəndaşın pensiya məbləğində 17 manat 50 qəpik artım müşahidə olunacaq. Mövcud qanunvericiliyə əsasən, artımlar bütün pensiya məbləğinə şamil ediləcək və hər bir pensiyaçı öz pensiyasının nə qədər artacağını hesablamaq imkanına malik olacaq.
- Vüqar müəllim, bütün iqtisadi proseslərin fonunda geridə qoymağa hazırlaşıdığımız bu ili ölkəmiz üçün necə qiymətləndirirsiniz?
-2017-ci il Azərbaycan iqtisadiyyatı üçün çox spesifik illərdən biri oldu. 2014-cü ildə neftin dünya bazarında qiymətinin aşağı düşməsi bütün neft ölkələri kimi, bizə də təsir göstərdi. 2015-2016-cı illərdə də bu nəticə ölkə iqtisadiyyatına dövlət gəlirlərimizin azalması fonunda təsirini göstərdi. 2016-cı ildə manatın məzənnəsində azalmalar müşahidə olundu. Bütün bunlara baxmayaraq, 2017-ci ildə biz makroiqtisadi stabilliyi müşahidə edə bildik. Manatın məzənnəsi fevral ayından etibarən stabilliyini qorudu. Hətta manatda dollara nisbətən artımlar oldu. Makroiqtisadi stabillik, manatın məzənnəsinin qorunub saxlanması çox vacib idi. Çünki manatın məzənnəsinin stabilliyi bir tərəfdən sosial, digər tərəfdən iqtisadi baxımdan əhəmiyyətlidir. Təbii ki, stabil məzənnə Mərkəzi Bank, eləcə də hökumət üçün əsas prioritetlərdən biridir.
Digər vacib məqam Azərbaycanın ticarət dövriyyəsində və tədiyyə balansında müsbət saldonun əldə edilməsidir. Bildiyiniz kimi, 2017-ci ilin geridə qalan aylarında Azərbayacan ixracatı idxalı 4,5 milyard dollar üstələyib. Ticarət dövriyyəsi və tədiyyə balansında da müsbət saldo müşahidə edildi. Bu da Azərbaycan iqtisadiyyatı üçün olduqca vacib idi. Çünki ixrac idxaldan çoxdursa bu, ölkəyə daxil olan valyutanın çox olması anlamına gəlir. Nəticədə ölkəyə daxil olan valyutanın həcmi ölkədən çıxan valyutanın həcmindən daha çox olur. Bu da müsbət bir haldır.
2017-ci ilin xüsusən birinci yarısından etibarən neftin bazar qiymətindən aşağı olmasına baxmayaraq, Azərbaycan strateji valyuta ehtiyatlarında öz artım tempini qoruyub saxladı. Bu il ölkəmizin iqtisadi tarixində strateji valyuta ehtiyatları təxminən 5 milyard dollara yaxın artımla yadda qaldı. Eyni zamanda, 2017-ci il qeyri-neft sənayesində olan artımla da yadda qaldı. Qeyri-neft sektorunda 3 faiz, aqrar sektorda 4 faiz artım qeydə alındı. Bu gün ölkəmizdə iqtisadi diversifikasiya və neftdən asılılığı aradan qaldırmaq üçün qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət ayrılır. Bu da dayanıqlı iqtisadi inkişafa gətirib çıxarır.
Eyni zamanda, 2017-ci il qeyri-neft ixracatımızda təxminən 20 faizli artımla yadda qaldı. Qeyri-neft ixracatı təxminən 1,5 milyard dollara qədər yüksəldi. Bu isə əvvəlki illə müqayisədə təxminən 20 faizli artım deməkdir. Sözsüz ki, qeyri-neft ixracatında artımların olması, birmənlı şəkildə neftdən kənar sektorların ixrac potensialının artırılması, Azərbaycanda istehsal edilən məhsulların xarici bazarlara çıxarılması demək idi. 2017-ci il təkcə statistik nəticələrlə yadda qalmadı. Bu ildə xüsusilə iki mühüm məqamı da qeyd etdik. Onlardan biri “Əsrin müqaviləsi” layihəsinin 2050-ci ilədək uzadılması, Azərbaycan hökuməti ilə aparıcı şirkətlər arasında anlaşmanın əldə edilməsi oldu. Mövcud anlaşmaya əsasən 2050-ci ilədək hasilatın pay bölgüsünə uyğun olaraq “Azəri-Çıraq-Günəşli” yataqlarında işlər davam etdiriləcək. Həmçinin Azərbaycan 75 faizlik gəlirlərin bölgüsündə payını qoruyub saxlayıb. Yeni anlaşma 31 milyard investisiya imkanları deməkdir. Eyni zamanda mövcud qiymətləri nəzərə alsaq, neft satışından 6-7 milyard dollar intervalında gəlir deməkdir.
-Yəqin ki, 2017-ci ildəki uğurlarımızdan danışarkən Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini də deyə bilərik...
- Sözsüz, Bakı-Tibilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Çünki bu dəmir yolu xəttinin istifadəyə verilməsi asan olmadı. Xeyli təzyiqlər var idi. Buna baxmayaraq, Azərbaycan buna nail oldu. BTQ bir tərəfdən Azərbaycan üçün beynəlxalq yükdaşımalardan əldə ediləcək gəlirin artırılması baxımından, digər tərəfdən qeyri-neft məhsullarının xarici bazarlara çıxarılması baxımından olduqca vacib idi. 2017-ci il stabil iqtisadi il olmaqla yanaşı, həm də sözügedən iki mühüm hadisənin məhz tarixə çevrilməsi ili kimi yadda qaldı.
- Vüqar müəllim, gələn ilə dair proqnozlarınız da maraqlı olardı.
- Növbəti il də beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatında artımın olacağını proqnozlaşdırırlar. Beynəlxalq maliyyə qurumları tərəfindən Azərbaycan iqtisadiyyatının orta hesabla 2 faiz artacağı proqnozlaşdırılır. 2019-cu il üçün isə bu rəqəm təxminən 4 faizə yaxındır. Təbii ki, bu artım proqnozunun əsasları var. 2018-ci ildə bir sıra sektorlarda investisiya imkanları daha çox olacaq.
Bildiyiniz kimi, xüsusən də inşaat sektoruna 2018-ci ildə daha çox sərmayənin yönəldilməsi nəzərdə tutulub ki, bu da birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına, ümumidaxili məhsula təsir göstərəcək. Eyni zamanda 2018-ci ildə TANAP layihəsinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da sözügedən kəmər vasitəsilə Türkiyə bazarına əlavə olaraq 6 milyard kubmetr təbii qazın nəql edilməsi deməkdir. Bildiyiniz kimi, Azərbaycan “Şahdəniz-2” yatağı vasitəsilə TANAP layihəsi vasitəsi ilə Avropa, Türkiyə bazarına ildə 6 milyard ton kubmetr, Avropa bazarına isə birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetr təbii qaz nəql edəcək ki, bu da şübhəsiz, dövlət gəlirlərinin artırılması baxımından vacibdir.
2018-ci ildə ölkəmizdə ümumidaxili məhsulda artım tempi qeydə alınacaq. Ümumilikdə növbəti illər üçün proqnozlarımız nikbindir.
Mənsumə Babayeva,
Şəfiqə Dadaşova, “İki sahil”