26 may 2024 09:10
1583

Sumqayıtda “Yaşıl Gömrük təşəbbüsü” mövzusunda tədbir keçirilib - FOTO

Sumqayıt Gömrük İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərindəki Muğam Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl Gömrük təşəbbüsü” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın yaşıl enerji iqtisadiyyatına verdiyi önəmli töhfələrdən ətraflı bəhs edilib, eyni zamanda “Yaşıl Gömrük” mövzusunda Ümumdünya Gömrük Təşkilatının konsepsiyası, tövsiyələri, Dövlət Gömrük Komitəsi tərəfindən ekoloji tarazlığın, ətraf mühitin qorunması məqsədilə qanunvericilikdə, gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesində tətbiq edilən təkmilləşdirilmələr barədə təqdimatlar əsasında məlumat verilib.

Eyni zamanda Sumqayıt Dövlət Universitetinin müəllimi və biznes nümayəndələri də yaşıl enerji, ekologiyanın qorunması mövzularında çıxış ediblər.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ətraf mühitin qorunması ilə bağlı dövlət tərəfindən atılan addımlar və Sumqayıt şəhərində görülən işlərdən danışıb, ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayıb.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov yaşıl enerjinin təşviqi, ətraf mühitin mühafizəsi istiqamətində  ölkəmizdə kompleks tədbirlərin reallaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanınır və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi də bu istiqamətdəki fəaliyyətin məntiqi davamıdır.

Gömrük orqanlarının da fəaliyyət sahələrindən birinin ekologiyanın, ətraf mühitin qorunması olduğu vurğulanıb, bu məqsədlə ekoloji cəhətdən həssas mallara gömrük nəzarəti, idxal-ixrac proseslərinin tənzimlənməsi, ekoloji cəhətdən təhlükəli məhsulların gömrük sərhədindən keçirilməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Tədbir Sumqayıt şəhər bulvarında keçirilən ağacəkmə aksiyası ilə yekunlaşıb.