Aprelin 27-də Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin, “Azərşəkər” MMC-nin, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri iştirak ediblər.
500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatıları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.
Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.