07 aprel 2024 09:32
1260

Ağdaban sakini: Ermənilər qoca kişi və qadını diri-diri yandırdılar

Ermənilər Kəlbəcər rayonunun Ağdaban kəndində qoca kişi və qadını diri-diri yandırıblar.

“İki sahil” xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında Ağdaban kəndinin sakini və soyqırımın şahidi Qiyas Alıyev Kəlbəcərdə faciənin ildönümü ilə əlaqədar təşkil olunan ziyarət zamanı deyib.

Q.Alıyev bildirib ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə Xocalı soyqırımının eynisi Ağdabanda baş verib və ermənilər bu kəndə böyük qüvvə ilə hücuma keçiblər. Onun sözlərinə görə, əhali arasında bir neçə nəfərlə ov tüfəngi və hökümətin verdiyi bir neçə avtomatla kəndi müdafiə etməyə çalışıblar.

"Həmin vaxt bir neçə nəfər cığır yollarla kənddən çıxa bildi. Ermənilər qoca kişi və qarını evdə diri-diri, rəhmətlik Musanı isə ot tayasına atıb yandırdılar, uşağının meyitini qucaqlayan atanı güllələdilər", - o, deyib.

Xatırladaq ki, 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırımı aktı törədiblər.

Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.

Erməni separatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.