Azərbaycan coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir
Bu gün Azərbaycanın “yaşıl enerji” sahəsində kifayət qədər sanballı layihələri gerçəkləşdirməsi, təmiz enerji mənbələrindən istifadəyə sərmayə qoyması göz önündədir. Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Prezident İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ hüquqi aktlar qəbul olunub ki, onların sırasında “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm yer tutur.
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli Sərəncamından irəli gələrək, bərpaolunan enerji sənayesinin inkişaf etdirilməsi üçün xarici sərmayəçilərin cəlb edilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Beynəlxalq Maliyyə Korporasiyası ilə “Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi” hazırlanıb və Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” məkanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin istehlakda payının artırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulub.
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın bp, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji istehsalına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq-maliyyə təşkilatlarının dəstəyi ilə layihələrin həyata keçirilməsinə başlanılıb.
Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji həcminin 3 dəfə və enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpaolunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmindədir.
Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri kimi çayların qollarında böyük hidroenerji imkanlar mövcuddur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı var.
Naxçıvan Muxtar Respublikasında ümumi gücü 39 MVt olan günəş elektrik stansiyaları fəaliyyət göstərir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvanda “yaşıl enerji zonası”nın yaradılmasını nəzərdə tutan kompleks tədbirlər öz əksini tapıb. Naxçıvanda “yaşıl enerji” istehsalının inkişaf etdirilməsi məqsədilə “Nobel Energy Management”, “TotalEnergies” və “A-Z Czech Engineering” kimi şirkətlərlə müqavilələr imzalanıb.
“Yaşıl enerji”nin dünya bazarlarına nəqli Azərbaycan dövlətinin enerji siyasətində əsas istiqamətlərdən biridir. Azərbaycan 2030-cu ilədək 5 min meqavat bərpaolunan enerji istehsalı potensialına malik olmağı planlaşdırır.
Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb. Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm önəm daşıyır ki, bu da təsadüfi deyil. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində uğurlu fəaliyyət və digər təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.
Artıq vaxt itirilmədən COP29-a hazırlıq işlərinə start verilib. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Konfransa hazırlıqla bağlı ilk müşavirənin dövlət başçısının sədrliyi ilə keçirilməsi ölkəmizin COP29-un layiqli və yüksək səviyyədə baş tutmasına necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.
Göründüyü kimi, Azərbaycan COP29-a uğurlu ev sahibliyi etmək üçün çox ciddi hazırlıqlar həyata keçirir ki, bu da ölkəmizin yaşıl gündəliyə münasibətinin ifadəsidir. Bunu, eyni zamanda, respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi güdən ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır.
Yaqut Ağaşahqızı, “İki sahil”