Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Viləşçay Su Anbarı İstismarı İdarəsi ərazi partiya təşkilatı ilə birgə “Qarabağda həyat canlanır” mövzusunda tədbir keçirib.
“İki sahil” xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir Viləşçay Su Anbarı İstismarı İdarəsinin inzibati binasında baş tutub.
Tədbir öncəsi Ümummili lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirmişdir ki, “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. “Ümdə məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır” – deyə natiq qeyd etmişdir.
Çıxış edən Viləşçay SAİİ-nin rəisi Rusif Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini vurğulayaraq Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini söyləyib. “Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır” – sözləri ilə idarə rəisi nitqini yekunlaşdırıb.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin əməkdaşı Bəhram Yaqubov və digər çıxış edənlər bildiriblər ki, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağa ”Böyük Qayıdış”la bağlı strateji plan təsdiqləndikdə sonra keçmiş məcburi köçkünlərin əzəli torpaqlara köçürülməsi ilə yanaşı, torpaqların ekoloji problemlərinin aradan qaldırılması üçün də xüsusi tədbirlər planı təsdiqlənib. Buna uyğun olaraq da mərhələli şəkildə ərazilərdə ekoloji problemlərin aradan qaldırılması üçün xüsusi işlər həyata keçirilir. Paralel olaraq həyata keçirilən bu işlər öz məntiqi nəticəsini verəcək, bu ərazilər ən qısa zamanda cənnət məkanına çevriləcək”.