04 aprel 2024 14:20
1047

Azərbaycan karbonsuz enerjiyə - yaşıl enerjiyə keçid siyasətində səmimi və ardıcıldır - AÇIQLAMA

Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olsa da yaşıl enerjinin tətbiqi sahələrinin genişləndirilməsində qabaqcıl ölkələrlə əməkdaşlığıa başlayıb. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirdi. 

Hədəf 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsini 35% azaltmaqdır

Elman Cəfərli bildirdi ki, Azərbaycan Paris Sazişini 2016-cı ildə ratifikasiya edərək qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə özünün töhfəsi olaraq baza ili olaraq götürülən 1990-cı illə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürüb. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2026-cı ilədək 24%, 2030-cu ilədək isə 30%-ə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub.

Ölkəmiz  yaxın gələcəkdə yaşıl və hidrogen enerji ixracatçısına çevriləcək

Ölkəmiz 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz, 2050-yə qədər isə 40 faiz azaltmağı hədəfləyib. Ölkəmiz  yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Azərbaycan yaşıl enerji sektorunda qabaqcıl təcrübə əldə etmiş ölkələrin şirkətləri ilə əməkdaşlıq sazişləri imzalayıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan edilib. Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələr və paytaxt Bakıda nəqliyyat infrasturukturunun yenidən qurulması zamanı yaşıl texnolgiyalardan istifadə olunur.

Ekspert vurğuladı ki, Azərbaycan karbonsuz enerjiyə-yaşıl enerjiyə keçid siyasətində səmimi və ardıcıldır. Aparılan məqsədyönümlü siyasət ölkəmizin beynəlxalq nüfuzunu da artırıb. BMT-in İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının-COP-29-un Bakıda keçirilməsi də ölkəmizə olan etimadın nəticəsidir. Yəqin ki, bu toplantı Azərbaycanın qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə beynəlxaq səylərə növbəti töhfəsi olacaq.

Cavid Əkbərov, “İki sahil”