30 mart 2024 00:26
541

31 Mart- Azərbaycanlıların soyqırımı günüdür: Bütün şəhidlərin  xatirəsinə əbədi ehtiram

1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953, 1988, 1992--ci illər   qətliamları,  deportasiyalar  erməni faşizminin, vəhşiliyinin bariz nümunələridir

Etnik təmizləmə siyasətini açıq, gizli  həyata keçirən, son iki əsrdə  günahsız azərbaycanlılara qarşı saysız-hesabsız soyqırımları törədən ermənilər tarixdə  görünməyən vəhşiliklərin müəllifləridirlər. Daşnakların məkrli  «böyük Ermənistan» xülyalarının qurbanı olan   Azərbaycan xalqı   yaşadığı  dəhşətləri unutmur. 1918-ci ilin mart ayının 31-də  ermənilərin törətdikləri soyqırımı  görünməmiş qəddarlığı ilə tarixə yazılıb.  Xalqımız ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının tarixi köklərini də  unutmur.

...1721-ci ildə I Pyotr İsveçlə  Nişdat sülh müqaviləsini bağladıqdan sonra diqqətini  Qafqaza, Xəzərətrafı ərazilərə yönəltdi. Bu regiona sahiblənmək üçün Bakıda, Gilanda,  Mazandaranda, Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsi siyasəti başlandı və sonralar daha böyük miqyasda davam etdirildi. Satqın ermənilərə himayədarlıq edən II Yekaterina bu istiqamətdə aparılan  yerdəyişmənin sürətləndirilməsi üçün 1768-ci ildə fərman imzaladı. Ənənəni davam etdirən  çar I Aleksandrın 1802-ci ildə  Qafqaz canişini  N.D. Sisiyanova göndərdiyi məktubunda yerləşdirmə prosesinə xususi diqqət yetirilməsi tapşırılırdı: « Hər vəchlə ermənilərdən Azərbaycanın bu və ya digər xanlıqlarında istifadə  edilməlidir.» Gülüstan və Türkmənçay müqavilələrindən sonra isə Azərbaycan xalqı daha böyük faciələrə düçar oldu.   İrəvan və Naxçıvan xanlıqları ərazisində  « erməni vilayəti»nin yaradılması, bu ərazilərə erməni ailələrinin köçürülməsi ilə  torpaqlarımızın sonrakı  işğalına zəmin yaradıldı.  İmperiyanın  dəstək  və yardımına arxalanan,  məskunlaşdıqları Azərbaycan torpaqlarını özününküləşdirmək üçün yerli  əhaliyə qarşı məkrli siyasətlərini davam etdirən daşnaklar Rusiyada baş verən inqilabi proseslərdən   özlərinə məxsus məkr və hiyləgərliklə yararlanaraq  yerli əhalini ata-baba yurdlarında  belə  sıxışdırmağa başladılar.  Azərbaycanlılarla ermənilər arasında baş verən kiçik  münaqişələr 1918-ci ildə xalqımızın soyqırımı ilə nəticələndi.  «İdeoloqları» Şaumyanın, qulağı kəsik Andranikin, Hamazaspın, Lalayanın və bu kimi qaniçən daşnakların rəhbərliyi ilə Naxçıvanda, Bakıda,  Şamaxıda, Quba qəzasında,  Qarabağda ... bir sözlə, Azərbaycanın bütün  yaşayış məskənlərində  kütləvi qırğınlar,  talanlar törədildi.  Eyni qırğınlar1920- ci illərdə daha geniş miqyasda təkrarlandı. 1918-ci ilin martında  Bakıda azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başlanıldı. Şaumyanın başçılıq etdiyi  silahlı dəstə 1918-ci ilin 30-31 mart hadisələrində  təkcə Bakıda  minlərlə soydaşımızı amasızcasına, xüsusi qəddarlıqla qətlə yetirdi.  Dinc azərbaycanlıların kütləvi  qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun»” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək uşaqdan böyüyədək hər kəsi qətlə yetirirdilər. Yüz nəfərə yaxın şahidin söylədiyinə görə  Şamaxı qəzasında  törədilmiş qətliamlar nəticəsində  7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, 120 kəndin 86-sı daşnaklar tərəfindən tamamilə dağıdılmışdı. Erməni silahlıları təkcə  Şamaxı şəhərində təqribən 14-16 min soydaşımızı qətlə yetirmişdilər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox idi. Soydaşlarımızı  diri-diri oda atan, divara mıxlayan Tatevos Əmiryan, Styopa Lalayan,  Andranik Ozanyan  qadınlara, uşaqlara, qocalara belə aman verməmişdilər.

 Ermənilərin törətdikləri  soyqırımları zamanı qətlə yetirilənlərin,  dağıdılan kəndlərin,  tarixi abidələrin sayını hesablamaqla qurtarmaz. Təxmini hesablamalara görə,  ermənilərin müxtəlif illərdə  azərbaycanlılara qarşı törətdikləri   kütləvi qırğınlarda ölənlərin sayı 2 milyondan artıqdır. Təkcə Çəmbərəkənd qəbiristanlığında  dəfn olunan bakılıların sayı 15-20 min arasında  olub. İ.L. Seqalın 1912-ci ildə  Tiflisdə çap etdirdiyi « Krestyanskoye zemlevladeniye v Zakavkazye»  kitabında yazılır ki,  Naxçıvanda  hökmranlıq edən xəfiyyə yerli sakinlərin əllərindən xeyli torpaq sahəsini alıb Məlik Eynatyana,  Karapet Adamoviçə,   Saak Yeqizarova  bağışladı. Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının burunları kəsilmiş, qarınları yırtılmışdı.

  Erməni qəddarlığının  qan donduran nümunəsi olan  Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdı. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanan kütləvi məzarlıqda  500-dək insan kəlləsi tapılmışdı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu sümüklərin 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanlarına aid olduğu sübuta yetirilib. Ötən əsrdə ermənilərin  azərbaycanlılara qarşı yönəlmiş soyqırımına ilk siyasi qiyməti 26 mart 1998-ci ildə   imzaladığı Fərmanla verən Ümummilli Lider Heydər Əliyev daha bir tarixi missiyasını şərəflə yerinə yetirdi.

  Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  xalqımızın gələcək nəsillərinin milli yaddaşında qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi  yaradıldı. Tədqiqatlardan aydın oldu ki, soyqırımı qurbanları xüsusi vəhşiliklə,  qəddarlıqla, başlarına mismar vurulmaqla öldürülmüş, bəziləri  su arxlarına,  quyulara doldurularaq üstü torpaqla örtülmüşdü. Quba Soyqırımı memorial kompleksinin açılışında  erməni vəhşiliyinin heç vaxt unudulmayacağını  bildirən Prezident İlham Əliyevin vurğuladığı kimi, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər: «Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.»

 Ümumiyyətlə, erməni vəhşiliyinin nümunəsi, daşnakların etnik təmizləmə  siyasətinin qanla yazılmış hər səhifəsi  monoetnik dövlət yaratmaq siyasətindən qaynaqlanan deportasiyalar da , ermənilərin azərbaycanlılara qarşı törətdiyi ayrı- seçkilik, mənəvi soyqırımı idi. Ötən əsrin sonlarında-  1988-ci ildə artıq tarixə çevrilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində  başlanan və  daşnak siyasətinə, ideyalarına xidmət edən hadisələr,  Qərbi Azərbaycanda- Vardenisdə, Qukarkda, Qacaranda, Qafanda, Gorusda,  Alaverdidə törədilmiş qanlı aksiyalar   250 mindən artıq soydaşımızın   doğma yurdunu tərk etməsi ilə nəticələndi.  SSRİ-nin dağıdılması üçün xarici dövlətlər tərəfindən hazırlanan məkrli planların reallaşmasında «Qarabağ kartı»ndan istifadə nəticəsində  həlak olan minlərlə şəhidimiz də erməni soyqırımının qurbanları siyasına daxil edilsə qətlə yetirilən soydaşlarımızın sayı 2 milyondan artıq olar.

Əsrlərdən bəri xalqımıza qarşı törədilən soyqırımlar  20 Yanvar 1990-cı ildə bir daha təkrarlandı. Azərbaycanın demokratiya və milli müstəqillik uğrunda mübarizəsini silah gücü ilə yatırmaq istəyən imperiya tarixi vərdişlərini təkrarlayaraq bir daha erməni xəyanətindən yararlandı.  Azərbaycana qarşı siyasi təcavüz olan 20 Yanvar hadisələrində  hərbi hissələrin tərkibində Bakıya gələn, istefada olan erməni zabitləri yenə də qətliamlar törətdilər. Həmin hadisələrdə 130-dan artıq  soydaşımız  azadlıq uğrunda mübarizlər kimi şəhidlik zirvəsinə yüksəldi.  Tökülən nahaq qanlardan doymayan erməni  silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ, ona yaxın ərazidə yerləşən 7 rayon Ermənistan və havadarlarının yardımı ilə  işğal edildi. Bir  milyondan artıq azərbaycanlı  evlərindən didərgin, qaçqın düşdü. Hadisələr zamanı minlərlə  soydaşımız  qətlə yetirildi,  günahsız azərbaycanlılar  əlil oldu, yaralandı.

1992-ci ildə  erməni faşizminin azərbaycanlılara qarşı növbəti qətliamı olan Xocalı soyqırımında  görünməmiş dəhşətlər yaşandı. Bir gecədə dağıdılan Xocalıda 613  dinc əhali  xüsusi amansızlıqla qətlə yetirildi. 487 nəfər əlil oldu. 1275 nəfər əsir, girov götürüldü.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar ötən illərdə  xalqa müraciət edən Prezident İlham Əliyevin vurğuladığı kimi,  indi hamının bir məqsədi olmalıdır:  «İki yüz ildən artıq müddətdə erməni millətçilərinin apardıqları mənfur siyasətin bütün dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına , ermənilərin Azərbaycan xalqına  qarşı törətdikləri qətliam və soyqırımların ümumi mənzərəsinin tam mənada, bütün dəhşətləri ilə  açıqlanmasına   nail olmaq.»

1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur,  soyqırım qurbanlarının anma mərasimləri keçirilir.  Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətlər, real faktlar,  dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırılır, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürlər ifşa və təkzib edilir.

  31 Mart soyqırımının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında»” Sərəncama uyğun aparılan işlər bu gun də davam etdirilir. Ermənistanın işğalından azad edilmiş torpaqlarmızda aşkarlanan kütləvi məzarlıqların hər biri erməni vəhşiliyinin təzahürüdür.  Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli,  Məzəm,  Edilli, Qaradağlı faciələri erməni vəhşiliklərinin nümunələrindəndir.

Xocalı soyqırımının 32-ci ildönümü günündə- fevralın 26-da Prezident İlham Əliyevin Xocalı şəhərinə səfəri zamanı Xocalı Soyqırımı Memorial Kompleksinin təməlini qoyması dünyaya açıq mesaj idi. Bu,  Azərbaycan xalqına böyük təsəlli idi. İlk dəfə olaraq Xocalıda günahsız soyqırımı qurbanlarının xatirəsi anıldı, onların xatirəsi əbədiləşdirildi. Bütün dünya gördü ki, Azərbaycan xalqı milli faciəsini unutmur, qan yaddaşının silinməsinə imkan vermir. Azərbaycan Ordusu  Zəfər çaldı və xalqımız düşməndən  öz qisasını döyüş meydanında aldı. İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər, Ermənistanın kapitulyasiya aktını imzalaması, ötən ilin sentyabrında həyata keçrilən lokal xarakterli antiterror tədbirləri ilə erməni separatizminin kökünün kəsilməsi soyqırım qurbanlarının, bütün şəhidlərin xatirəsinə əbədi ehtiramdır.

 Xuraman İsmayılqızı, «İki sahil»