29 mart 2024 17:27
783

Biləsuvarda “31 mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunan elmi konfrans keçirilib - FOTO

Biləsuvar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman igidlərimizin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“İki sahil” xəbər verir ki,  konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 1918-ci ilin martında Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımın tariximizin faciəli səhifələrindən olduğunu bildirib və qeyd edib ki, mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. İcra başçısı 31 Mart soyqırımına hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. O, Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-nin rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildiyini diqqətə çatdırıb.

Mart soyqırımına həsr olunmuş elmi konfranda Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Əməkdar müəllim, Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnistusunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi Vaqif Abışov, AMEA-nın Arxelogiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov və digərləri çıxış edərək soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söz acıblar.

Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə hər il mart ayının 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Çıxış edən natiqlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımıların dəhşətlərinin dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə ətraflı məlumat veriblər.