Zaman-zaman türklərin himayəsində yaşasalar da, heç zaman xəyanəti əldən buraxmayan ermənilər türk xalqına qarşı açıq düşmən münasibəti bəsləyiblər. XX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada yaşayan türkdilli xalqlara qarşı soyqırım cinayətləri törədiblər.Azərbaycanlılara qarşı nə qədər qırğınlar, soyqırımlar törədildiyi məlum idi. XIX əsrin sonlarında erməni millətçiləri təşkilatlanaraq ilk dəfə yaratdıqları “Daşnaksütyun” partiyasının nizamnaməsində terror və soyqırıma çağırış kimi fikirlər səsləndirirdilər. Belə ki, partiya erməni gənclərə müraciətində qarşılarına çıxan istənilən türkü və müsəlmanı qırmağı tövsiyyə edirdi.1918-ci ilin mart-aprel aylarında təcavüzkar erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı zamanı Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Erməni millətçilərinin qeyri-insani əməlləri Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Kürdəmir, Salyan, Zəngəzur, Qarabağ, İrəvan, Naxçıvan və digər ərazilərdə də davam edərək kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirilib. Ermənilər vəhşicəsinə öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə öldürülmüş evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Həmin soyqırımın qəddarlığını xarakterizə edən cəhətlərdən biri də ondan ibarətdir ki, daşnaklar uşaqlara, qadınlara, qocalara qarşı xüsusi amansızlıq etmişdilər. Bunlar bizim qanlı tariximizdir və unutmağa haqqımız yoxdur. Ermənilər bu cinayətləri "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanaraq ediblər. Belə ki, tarixə nəzər salsaq onlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər.Onlar mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə XX əsr ərzində 4 mərhələ üzrə –1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaradıblar. Əslində isə bu planlarının və əməllərinin arxasında özlərinin əsassız torpaq iddiaları dayanıb. 31 Mart soyqırımının statistikası xüsusi qəddarlıqla həyata keçirilən bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Hadisələrdə Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. Nəticədə 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Eləcə də son illər bu istiqamətdə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və materiallar toplanılıb. 106 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimizə, diaspor təşkilatları, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.
Bu tarixi faktlar gələcək nəsillərə ötürülməli, ciddi maarifləndirmə və təbliğat işləri təkcə ölkəmizin daxilində deyil, dünyada aparılmalıdı. Bütün dünya erməni və onların havadarlarının əsl mahiyyətinə, məkrli əməllərinə və bəşəri cinayətlərinə bələd olmalıdır.
Dünyanın ali qurumları, beynəlxalq təşkilatlar ədalətsizliyə sussa da, Azərbaycan öz haqqını döyüş meydanında aldı. Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, iki əsr ərzində xalqımıza qarşı törədilmiş qətliamların da qısasını aldı.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri