29 mart 2024 01:58
624

Bu vəhşiliklər xalqımızın qan yaddaşında dərin izlər buraxıb - 31 Mart soyqırımı

Bu kütləvi qətliam zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları da top atəşinə tutaraq dağıdıblar

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız görünməmiş məhrumiyyətlərə məruz qalıb. Mərhələlərlə gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınıb. Xalqımıza məxsus minlərlə tarixi və mədəni abidə, yaşayış məskənləri dağıdılaraq yerlə-yeksan edilib.

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Ermənilərin 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlardan 106 il ötməsinə baxmayaraq bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxıb. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusilə genişlənib. Bakıda həmin illərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirilir, şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılır.

Məscidlər yandırılır, memarlıq incisi sayılan binalar yerlə-yeksan edilir. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Bakıda azərbaycanlılara qarşı soyqırımı aprelin 2-də gecə yarısı dayandırılıb. Daşnak Stepan Şaumyan Bakıdakı bu qırğınla kifayətlənməyib. Azərbaycanlıların qırğını başqa qəzalarda da davam etdirilib. S.Şaumyan Bakıdakı qırğında qəddarlığı ilə seçilmiş bir neçə erməni dəstəsini Şamaxıya göndərib. Burada da ermənilər xüsusi vəhşilik törədiblər. Şamaxı şəhərini dağıdıb əhalisini qırıblar. Qadınlar, qızlar, uşaqlar təhqir ediliblər. Qadınların boynundakı boyunbağılarını asanlıqla çıxarmaq üçün onların başlarını bədənlərindən ayırıblar. Sırğanı çıxarmaq üçün qulaqlarını kəsiblər. Qızları, gəlinləri, uşaqları, qocaları məsciddə diri-diri yandırıblar. 

Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir. Şamaxı qəzasında 58, Quba qəzasında 122, Qarabağın dağlıq hissəsində 150-dən artıq, Zəngəzur qəzasında 115 kənd vəhşicəsinə dağıdılıb. Əhalinin xeyli hissəsi məhv edilib. İrəvan quberniyasında 211, Qars vilayətində 82 kənd yandırılıb. Beləliklə, S.Şaumyanın başçılıq etdiyi Bakıdakı Sovet hökuməti, onun əsasən ermənilərdən ibarət rəhbərliyi silahsız Azərbaycan xalqını məhv etmək, onu tamamilə qırıb qurtarmaq planını həyata keçirib.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan ediblər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atıblar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında 1948-1953-cü illərdə soydaşlarımızın öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.

Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Təsadüfi deyil ki, bu proses sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyi də Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların, qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, ortada, necə deyərlər, daşdan keçən dəlil-sübutlar olmasına baxmayaraq beynəlxalq miqyasda bu qırğına hələ də hüquqi qiymət verilməyib.

Cavid Əkbərov, “İki sahil”