28 mart 2024 00:35
652

Biz öz tariximizi dünya miqyasında daha da dolğun təqdim etməliyik

31 Mart-Azərbaycanlıların Soyqırımı Günüdür

Dövlət başçısı İlham Əliyevin bu çağırışı ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara və türklərə qarşı apardıqları soyqırımı və deportasiya siyasətinin faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılmasına hədəflənib

“Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.» Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərində böyük qürur hissi ilə Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində bir daha son üç ildən artıq dövrdə tarixi Zəfərimizin hər bir azərbaycanlıda yaratdığı xoşbəxtlik hissindən bəhs edərək bu torpaqlarda əbədi yaşayacağımızı bildirməklə işğalçı Ermənistana mesajlarını çatdırdı: «Biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.»

Azərbaycan döyüş meydanında tarixi Zəfərə imza atmaqla yanaşı, informasiya cəbhəsində də üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizi şərtləndirən əsas amillərdən biri Azərbaycanın diplomatik uğurları idi. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız informasiya mübarizəsində qələbəmizdə öz sözünü deyir. Baxmayaraq Qarabağ münaqişəsi artıq tarixin arxivinə atılıb, informasiya mübarizəsinin davam etdirilməsi bugünümüz üçün də əsas vacib məsələlər sırasındadır. Tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğat daha inandırıcı, təsir imkanları geniş olur. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk edilir və ictimaiyyətə çatdırılır. Tarix saxtakarlığı sevmir, ən əsası faktlara söykənir. Ulu Öndər Heydər Əliyev bu cağırışı edirdi ki, tarixin saxtalaşdırılmasına yol verilməməlidir. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ilk görüşünü ziyalılarla keçirməsi də mühüm məqamlara işıq saldı. Ümummilli Lider tarixçilərin qarşısında bir sıra vəzifələr qoydu ki, onlardan da biri, ən önəmlisi tarixin saxtalaşdırılmasına yol verməmək, faktların dili ilə yeni nəşrlər çap etmək və onları müxtəlif dillərdə beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması da həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu.

Bu faktlar inkaredilməzdir ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmamalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər.

Əbəs yerə deylmir ki, tarix təkrarlanır. Ermənilərin torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması artıq tarixin zibilliyinə atılmış Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünya güclərinin ikili standartlara əsaslanan siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına səbəb oldu. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu.

44 günlük Vətən müharibəsi 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslanırdı. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycan tarixinə növbəti Zəfər səhifəsi yazıldı. Ötən ilin 19 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bərpa edildi, Azərbaycan Bayrağı Xankəndidə, Xocalıda ucaldıldı. Bu il Xocalı soyqırımının 32-ci ildönümü Xocalı şəhərində qeyd edildi. Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulur. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, bu layihə çoxdan hazır idi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il müəyyən tərəddüdlər keçirərək o layihə təxirə salınırdı. Ona görə ki, inanırdıq və bilirdik ki, biz buraya, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. «Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir» söyləyən cənab İlham Əliyev bildirmişdir ki, Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirdi. 613 insan vəhşicəsinə öldürüldü. 150 insan itkin düşdü, 1000-dən çox insan girov götürüldü, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirildi.

Bu faciə xalqımızın nə qədər yenilməz, məğrur olduğunu, yaşadıqlarına rəğmən sınmadığını, gələcəyə böyük inamla baxdığını nümayiş etdirdi. Ordumuzun şanlı qələbəsi sayəsində biz tariximizin tamamilə fərqli bir anını yaşayırıq. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu məqamı da böyük qürur hissi ilə qeyd etmişdir ki, bu diyarın, bu bölgənin artıq yeni, parlaq tarixi var, o da 20 sentyabr - Xocalının, Xankəndinin azad olunması günüdür. 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək. Amma 20 sentyabr artıq bu bölgənin əsas azadlıq və bayram günüdür.

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bəorpa olunması faciələrimizi, zaman-zaman ermənilərin və onlara havadarlıq edən dövlətlərin dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı həyata keçirilən soyqırımı və deportasiyanı unutdurmur, ona yeni məzmun və dəyər gətirir.

1918-ci ilin mart hadisələrindən 106 illik zaman keçir. Tariximizin hər bir səhifəsini vərəqləmək, onları gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur. Qeyd etdiyimiz kimi, 200 illik deyil, təkcə son 30 ilin reallıqlarına diqqət yetirməklə erməni vəhşiliklərinin miqyasının böyüklüyünü aydın şəkildə görürük. Bunları görməyən, daha dəqiq desək bilərəkdən görməzdən gələn bəzi dünya gücləridir. Dövlət başçısı İlham Əliyev Xankəndi şəhərindən Azərbaycan xalqına Novruz təbrikində də bu məqamlara xüsusi diqqət yönəltdi. Belə ki, «Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır» söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Hesab edirdilər ki, bu torpaqları işğal altında əbədi saxlaya biləcəklər: «Bu məsələdə onlara dəstək verən xarici qüvvələr və bu gün dəstək verən xarici qüvvələr bu qanlı məsuliyyəti onlarla bölüşürlər.» O da vurğulandı ki, Xankəndi sovet dövründə də Azərbaycan büdcəsi hesabına bizim memarlar və inşaatçılar tərəfindən inşa edilmişdir. Cənab İlham Əliyevin həmin dövrdə inşa edilən binaların fonunda isə onu da qeyd etdi ki, durduğum yerdə separatçılar qondarma parlament binası tikmişdilər. Bu, azmış kimi, Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar. Onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır: «Fevralın 26-da mən Xocalıda xocalılılarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası – dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür.»

Cənab İlham Əliyev hər bir çıxışında tarixi faktlar əsasında ermənilərin başımıza gətirdikləri faciələri, törətdikləri vəhşilikləri diqqətə çatdırır. Dünya gücləri bu reallıqların fonunda yenə də ermənilərə dəstəklərini davam etdirirsə bu, artıq hüquq probleminin yaşandığını, ədalətin və beynəlxalq hüququn maraqların arxasında əridiyini nümayiş etdirir. Bunun üçün təkcə Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. 18 ölkə səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanısa da bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin çağırışları sırasında tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması xüsusi yer tutur. Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi, həmçinin həmin ildə imzalanan “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam tariximizin ayrı-ayrı mərhələlərinin, ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasətinə işıq saldı. Saxta tarix yazıb bu günə qədər bunu həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq üçün dəridən-qabıqdan çıxan ermənilər və onların dəstəkçiləri hər halda tarixin real həqiqətlərə, faktlara əsaslandığının fərqindədirlər.

Bu mühüm məqamı da qeyd etməliyik ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilərək 2013-cü ilin sentyabrında açılışı oldu. Cənab İlham Əliyev Soyqırımı Memorial kompleksinin açılışında bir daha bu reallığı faktlar əsasında diqqətə çatdırdı: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.»

«Azərbaycan Xalq Cümhuriyyəti ili» məhz tariximizin bu mərhələlərinin araşdırılmasında, yeni faktların üzə çıxarılmasında öz sözünü dedi. Cənab İlham Əliyev hələ 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncağında bildirmişdi ki, Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, tariximiz bizim böyük sərvətimizdir. Tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur: «Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır.»

Beynəlxalq münasibətlər sistemində güc və beynəlxalq hüquq amillərini nəzərə alsaq, Azərbaycan hər iki istiqamətdə böyük uğurlara imza atdı. Ən əsası dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu illər ərzində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapıb. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi baza əhəmiyyətli rol oynadı.

Cənab İlham Əliyev hər zaman çıxışlarında bu çağırışı da edirdi ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»

Artıq bu hədəfə doğru da addımlar atılır. Qarabağa və Şərqi Zəngəzura qayıdışın ardınca Qərbi Azərbaycana da qayıdacağımızdan bəhs edirik. Tarix araşdırılır, bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2022-ci ilin dekabrın 24-də əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə «Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir» söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var: «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.»

Əvvəldə də qeyd etdyimiz kimi, tarix faktlara əsaslanır. Çoxəsrlik tariximizi vərəqlədikcə bu reallıqlar öz təsdiqini tapır ki, erməni millətçilərinin ayrı-ayrı dövrlərdə həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş, faciə qurbanlarının sayının qat-qat olduğunu dünyaya təqdim edən faktlar, eyni zamanda, tariximizi unutmamağa bir çağırışdır. O çağırış ki, ermənilər daim havadarlarının dəstəyinə arxalanaraq, özlərini beynəlxalq ictimaiyyətə «yazıq, məzlum, döyülən və əzilən» xalq kimi təqdim edib, dünya bu yalanları həqiqət kimi qəbul edərək, onları ərköyün uşaq kimi əzizləməkdən sanki zövq alıb. Amma unudulub ki, bir cinayətin cəzasız qalması növbəti cinayətə yol açır. Saxta tarix yazıb, illərdir dünyanı özlərinin də inanmadıqları yalanlarına inandırmağa çalışan ermənilərin hər zaman fakt qarşısında aciz qaldıqları göz önündədir. Bu gün erməni vəhşiliklərinə işğaldan azad edilmiş torpaqlarımız şahidlik edir. Bu ərazilərdə aparılan quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı yüzlərlə soyqırımı həyata keçiriblər. Tez-tez diplomatlar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri bu torpaqlarda olurlar. Onlar gördükləri mənzərələrdən dəhşətə gəlirlər. Əgər bu torpaqlar ermənilərin və onların havadarlarının apardıqları yalan təbliğata uyğun olaraq mənfur düşmənə aid olsaydı bu vəziyyətə salınmazdı. Ermənilər bu ərazilərdə bir daşı daş üstə qoymayıblar. Azərbaycan xalqının izini bu ərazilərdən silmək üçün bütün tarixi və dini abidələri yerlə-yeksan ediblər. Yenə də unudublar ki, bu yanlış düşüncələri ilə tarixi inkar etmək imkanında deyillər. Gec-tez ədalət zəfər çalır. Azərbaycan 30 illik işğala 44 gündə son qoymaqla həm gücünü, qüdrətini nümayiş etdirdi, həm də ədalətin, beynəlxalq hüququn mövcudluğunu sübut etdi.

Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyası uğurla icra edilir. Son 200 ildə Qərbi azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləmələrə, deportasiyalara, soyqırımlarına məruz qaldıqları faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük əminliklə bu fikri bəyan edir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.

Yeganə Əliyeva, «İki sahil»