Hər il olduğu kimi, bu il də Novruz bayramı günlərində Şəkiyə gələn turistlərin sayında artım müşahidə edilir. Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan olan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu hər gün yüzlərlə yerli və xarici turist ziyarət edir. Bu ərazidə yerləşən muzey və karvansaraylar, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi - Şəki Xan Sarayı, həmçinin “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, “Sənətkarlar evi” turistlərin daha çox marağına səbəb olur.
“İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki, tətil günlərində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olub, Xan Sarayını və digər tarixi məkanları ziyarət edən yerli və əcnəbi turistlərlə görüşüb, onların təəssüratlarını öyrənib.
Qoruğun direktor müavini Vasif Paşayev bildirib ki, bayram günlərində qoruğun ərazisinə gələnlərin, eləcə də Xan Sarayını ziyarət edənlərin əksəriyyətini yerli turistlər təşkil edir. Əcnəbi turistlər arasında isə Hindistandan və Rusiyadan gələnlər daha çoxdur. Eyni zamanda, Çindən, Avropanın müxtəlif ölkələrindən gələn turistlərə də rast gəlmək mümkündür. Bayram günlərində şəhərə turist axınını nəzərə alaraq, Xan Sarayının qapıları səhər saat 9:00-dan axşam 18:00-dək qonaqların üzünə açıq olur.
Qoruğun direktor müavinin sözlərinə görə, Şəkiyə turist axınının artmasının əsas səbəblərindən biri də onlara göstərilən xidmətin keyfiyyəti ilə bağlıdır. Şəki mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi turistləri özünə cəlb edir. Onlar milli yeməklərdən olan Şəki pitisinə, paxlavaya, müxtəlif çeşiddə şirniyyat növlərinə böyük maraq göstərirlər.
Qeyd edək ki, hazırda Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisindəki şəbəkə emalatxanasında, Tarix-Diyarşünaslıq Muzeyinin binasında, Dairəvi məbəddə, həmçinin Qala divarlarında təmir-bərpa işləri davam etdirilir.
Qoruğu ziyarət edən yerli və əcnəbi turistlərlə söhbət zamanı onlar Şəkiyə səfərlərindən məmnun qaldıqlarını vurğulayıblar.
Rebecca Entrup rəfiqəsi Sarah Nadlerlə birlikdə ölkəmizə Almaniyadan gəlib. O, şəhərində interyer dizaynı sahəsində, rəfiqəsi Sarah isə Düsseldorfda media şirkətində çalışır. Rəfiqələr Azərbaycana ilk dəfədir səfər edirlər.
Təəssüratlarını bölüşən Rebecca Entrup deyib: “Rəfiqəmlə birlikdə səyahət etməyi çox xoşlayırıq. Avropanın bir çox ölkəsində olmuşuq. Ölkənizdə əvvəlcə Bakıda olduq, şəhəri gəzdik. Araşıdırdıq ki, Şəki Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Ona görə də bu şəhərə gəlməyə qərar verdik. Bilirik ki, Şəki şəhəri bir neçə il əvvəl UNESCO-nun Ümumdünya İrs Siyahısına da daxil edilib. Ona görə də istədik ki, bu şəhəri gözlərimizlə görək. Az müddətdir buradayıq, hələlik şəhərlə tanış olmamışıq. Ancaq ilk baxışdan gözəl təbiəti, hündür dağları diqqətimizi çəkdi. İnsanları çox istiqanlı və qonaqpərvərdirlər. Bura gəlməzdən əvvəl Xan Sarayı haqqında məlumat topladıq. Sarayın Şəkinin ən gözəl abidəsi olduğunu bilirik. Daha sonra Qubaya getməyi düşünürük”.
Xan Sarayını ziyarət edən xarici turistlər arasında Çindən gəlmiş tələbə Liu Tsenlyu da var. Pekin universitetlərindən birində təhsil alan Liu da Azərbaycana ilk dəfədir səfər edir. İki gündür ki, Şəkidədir. Paytaxt Bakı, eləcə də qədim Şəki ilə tanışlıq onda çox zəngin təəssürat yaradıb.
Bakı şəhərindən gələn həkim Leyla Xəlilova da təəssüratlarını bölüşüb: “Hər il bayram günlərində ailəvi şəkildə respublikamızın müxtəlif bölgələrinə səyahətə çıxırıq. Şəkiyə tez-tez gəlirik və hər dəfə gələndə Xan Sarayını mütləq ziyarət edirik. Son iki ildə bəlkə də 8-10 dəfə bu qədim diyarda olmuşam. Şəki ölkəmizin ən qədim və sevimli məkanlarından biridir. Buranın təbiətinə, havasına heyran qalmamaq olmur. Xan Sarayı, həqiqətən də, ən gözəl memarlıq abidələrimizdəndir. Bura övladlarımla gəlmişəm və onlar da Azərbaycanın qədim tarixi məkanlarını yaxından tanımalıdırlar. Fürsətdən istifadə edib, xalqımızı bu əziz bayram münasibətilə təbrik edirəm!”.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə də bayram günlərində xüsusi canlanma hiss olunur. Burada fəaliyyət göstərən sənətkarların dediyinə görə, işləri heç də pis getmir. Turistlər yerli sənətkarların əl işlərinə böyük maraq göstərirlər.