Ris Tompson üç səhnədə yer alıb və çox az dialoqda iştirak edib
Keçmiş aktyor Ris Tompson öz müsahibəsində bildirib ki, hələ də o indiyə qədər “Titanik” filminin çəkilişlərində iştirak etdiyinə görə pul alır. Hətta 20 il ötməsinə baxmayaraq. Onun 5 yaşı olanda Ceyms Kemeronun filmində üçüncü təbəqəyə aid olan sərnişinlər sırasında balaca irlandiyalı oğlan rolunda iştirak etmişdi. Filmdə bu balaca oğlan qəza zamanı anası və bacısı ilə birlikdə həlak olmuşdu. Onun üç səhnəsi və bir sətirlik replikası var idi.
“Titanik” filminə qədər Tompson istedad müsabiqəsində iştirak edib. Günlərin bir günündə agentliklərdən biri uşağın anasına reklam çarxında və ya hansısa bir iri filmdə çəkilməyi təklif edib. Reklam çarxı yaxşı pul qazanmaq üçün zəmanətli bir təklif idi, lakin Tompsonun anası riskə getməyi qərara alıb.
“Titanik” filmində rol uşaq üçün böyük kinoda debüt idi. Lakin bu filmdən sonra Tompson aktyorluğu atır. Hazırda onun 25 yaşı var və başqa sahə üzrə direktor vəzifəsində çalışır.
Tompson filmin çəkilişləri haqqında az şeylər xatırladığını bildirib, lakin İrlandiya ləhcəsini canlandırmağın onun üçün çətin olması yaddaşına həkk olunub.
Bundan başqa, Tompson bildirib ki, beş il müddətində üç səhnədə yer aldığı üçün ayda 30 min dollar dəyərində maaş alıb. Ailəsi əldə olunan pulları Tompsonun adına banka qoyub. Əldə olunan gəlirin böyük hissəsi təhsilə, avtomobilə və Tompsonun gündəlik xərclərinə sərf olunub.
Hazırda isə Tompson ildə 200 dollardan 300 dollara qədər pul alır. Baxmayaraq ki, ödənilən məbləğ azdır, Tompson ümid edir ki, ona ödənilən maaş davamlı olacaq.
Hər il Amerikanın gildiya aktyorları təxminən 1,5 milyon dollara qədər gəlir əldə edirlər. Və nə qədər ki, film kinoteatrlarda və televiziyada auditoriya yığır, Tompsona və digər aktyorlara hər il pul veriləcək.
Könül Əliyeva, “İki sahil”