Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi “Sehrli qala” bayram günlərində növbəti konsert proqramı ilə çıxış edib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Qoşa Qala meydanında təşkil etdiyi festivala paytaxt sakinləri və qonaqlar qoşulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Mərkəzin yaradıcı heyəti tədbir iştirakçılarını maraqlı repertuarla sevindirib, tamaşaçılara bayram ovqatı bəxş edib. Konsert proqramında Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları ifa olunub. Təlimçi və benefisiarların musiqi və rəqs nömrələri, kapoeyra şousu bayram şənliyinə toplaşan yerli və əcnəbi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyətə malik ilk ən böyük inklüziv məkandır. Konsert layihəsi Mərkəzdə təlim alan istedadlı şəxslərin İçərişəhərdə Novruz bayramı günlərində tamaşaçılarla ikinci görüşüdür. Hazırda Mərkəzdə 180-dən çox benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb olunub.