15 mart 2024 01:14
777

Türk oğlu türk Nizami haradan oldu fars şairi?

İran rejiminin son davranışları Azərbaycana qarşı qərəz və düşmənçilik siyasətinin güclənməsindən xəbər verir

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bəzi region dövlətləri kimi, İranın da xarici siyasətində müəyyən korrektələr etməsinə səbəb olub. Ancaq “aysberqin görünməyən tərəfində” molla rejiminin nə Azərbaycana olan kini-küdurəti, nə bu ölkədə yaşayan qırx milyona yaxın soydaşımıza olan qəddar münasibəti, nə də erməni qardaşlarına sevgisi dəyişməyib...

Tehranda dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin açılış mərasimində baş verənlərdən sonra o da məlum oldu ki, İran hakimiyyətini Ermənistanla yaxınlaşdıran oxşar cəhətlərdən biri də saxtakarlıq, yalan və mədəni irs oğurluğudur. Ermənilər tarix boyu adət-ənənələrimizi, musiqimizi, milli mətbəx nümunələrimizi öz adlarına çıxdıqları kimi, İran mollaları da utanmadan milliyyəti, soyu-kökü bəlli, özü “mənim atam, atamın atası türk idi, fərzanəlikdə hər biri bir qurd idi” yazaraq türk oğlu türk olduğunu bəyan etmiş uca Nizamini fars kimi təqdim etməyə çalışırlar. “İRNA” agentliyinin məlumatında bildirilir ki, Tehran bələdiyyəsinin müavini Hüseyn Nəzəri abidənin açılış mərasimində belə deyib: “Bu gün Mədəniyyət və İslami İrşad Nazirliyindəki həmkarlarımızın iştirakı ilə Nizami Gəncəvinin heykəlinin açılışının şahidi olduq və gələcəkdə şəhərdə daha çox böyük fars şairləri və yazıçılarının heykəllərinin açılışı olacaq.”

Əgər Nizami ilə bağlı yalan iddia sadəcə bir bələdiyyə sədrinin müavini səviyyəsində ortaya atılmış olsaydı “yəqin hansısa yanlışlıq olub” və ya “Hüseyn Nəzərinin savadsızlığı ilə əlaqədardır” deyib ötüşdürmək olardı. Hətta bu zaman da İranın hakim dairələri öz məmurlarının cəzasını verib, necə deyərlər, “bizə hürən küçüyünü ayaqlarına bağlayıb” Azərbaycandan üzr istəməli idilər. Ancaq görünən odur ki, Nizamini “farslaşdırmaq” siyasətinin ssenarisi molla rejiminin “mətbəxində” hazırlanıb və İran hökuməti bu ssenarini reallaşdırmaq üçün hər cür riyakarlığa və yalanlara əl atır. Belə yalanlardan birini də bu ölkənin hakimiyyətinə bağlı “Qafqazın səsi” “X” kanalı tirajlayıb. Saxta məlumatda iddia edilir ki, guya UNESCO tərəfindən İranın Tad kəndində Nizami Gəncəvinin “ata evinə” xatirə lövhəsi qoyulub.

Bu da son deyil. “Azad İran” xəbər verir ki, fars rejimi dahi Azərbaycan şairi Nizami Gəncəvini özününküləşdirmək, yaxud özlərinin təbirləri ilə desək, müsadirə etmək cəhdlərindən əl çəkmir. Azərbaycanda dövlət başçısının Sərəncamı əsasında Nizaminin 880 illiyinin “Nizami ili” çərçivəsində təntənəli şəkildə qeyd olunduğu 2021-ci ildən bəri xüsusilə güclənən bu cəhdlər hələ də davam etdirilir. Belə ki, molla rejiminin rəsmi qərarına əsasən, İran təqvimi ilə isfənd ayının 21-i bu ölkədə “Nizami günü” kimi qeyd olunur. Bu il martın 11-nə təsadüf edən həmin gün ərəfəsində İranda bir həftə ərzində şairin şəxsiyyəti və yaradıcılığına həsr olunmuş müxtəlif elmi və mədəni tədbirlər keçirilib. Lakin bir çox çıxış və yazılarda artıq həmin gün “Beynəlxalq Nizami günü” kimi təqdim olunmağa başlayıb ki, bu da Tehranın sözügedən tarixin tədricən beynəlxalq səviyyədə qeyd edilməsinə nail olmaq və Nizamini dünya ictimaiyyətinə fars şairi kimi tanıtmaq planlarından xəbər verir.

Gözlənildiyi kimi, bu saxtakarlığa ilk və yeganə dəstək Ermənistandan gəlib. İranın bu ölkədəki səfirliyində keçirilən elmi konfransda da dahi şairimiz “fars şairi” kimi təqdim edilib. Səfir Mehdi Sübhani tədbirdə iddia edib ki, Sovet dövründə aparılmış siyasi kampaniya nəticəsində qeyri-iranlı şair kimi tanıtmaq və onun əsərlərini təhrif etmək cəhdlərinin əksinə olaraq Nizami Gəncəvi bütün şeirlərini fars dilində yazan “iranlı şair” olub. Konfransda çıxış edən İrəvan Slavyan Universitetinin rektoru Qarnik Asatryan da həyasızcasına Nizaminin “fars köklərinə” malik olduğunu deyib və əlavə edib ki, onun türk dilində danışması yalandır. Yəqin hiyləgər fars diplomatı və yalançı erməni “alim” dahi şairimizin “Xosrov və Şirin” poemasındakı bu misralarını oxumayıblar: “O türküm getdisə bir gün çadırdan, saxla türkzadəni, sən ey Yaradan!”

İranın Azərbaycana qarşı yenidən alovlanan düşmənçiliyi təkcə Nizami Gəncəvini “farslaşdırmaq” siyasəti ilə yekunlaşmır. Molla rejimi yenidən ölkəmizdə milli zəmində təxribatlar törətmək cəhdlərini artırıb. “Araz News” xəbər verir ki, martın 13-də

İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzi tərəfindən Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə universitetdə “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” adlı yığıncaq keçirilib.

Məlumata görə, toplantıda özünü qondarma “Talış-Muğan Respublikasının başçısı” Əlikram Hümbətovun “davamçısı” adlandıran Boris Talışinski çıxış edib.

Radikal paniranist dairələrə xidmət edən və Azərbaycana qarşı davamlı olaraq qarayaxma kampaniyası aparan “Azariha” media qrupu özünün “X” hesabında qondarma “Talış-Muğan Respublikası”nın Avropaya sığınmış cinayətkar nümayəndəsinin İran hökumətinin dəvəti ilə Tehrana səfər edərək müxtəlif tədbirlərə qatılmasının yerli mətbuatda geniş əks-səda doğurduğunu yazıb: “Hökumətin rəsmi qəzeti də son səhifəsini bu xəbərə həsr edib.

Talışinski bu əlamətdar hadisə ilə bağlı deyib ki, İran bütün talışların “tarixi vətənidir” və mən bu gün öz vətənimdəyəm.”

Bütün qeyd edilənlər İranın Azərbaycana dost deyil, düşmən mövqe sərgilədiyini, ölkəmizin gündən-günə artan siyasi nüfuzundan, iqtisadi gücündən və hərbi qüdrətindən narahat olduğunu, təşvişə düşdüyünü göstərir. İç üzü açıldıqca daha çox aydın olur ki, İranın ermənipərəst, şovinist fars-molla rejimi öz xain məqsədlərini, fitnə-fəsadlarını, təxribatlarını həyata keçirmək naminə hər cür riyakarlığa, şərəfsizliyə hazırdır.

Azərbaycan hər zaman həmsərhəd ölkələrlə sülh, mehriban qonşuluq münasibətləri şəraitində yaşamaq siyasəti aparıb və aparır. Ancaq Ermənistan nümunəsi göstərdi ki, bu münasibətə düşmənçiliklə, ölkəmizə qarşı terrorçuluğu dəstəkləməklə cavab verənlər də öz layiqli cavablarını alırlar. İran rəhbərliyi isə üstəlik bir mühüm faktoru da unutmamalıdır – tarixi torpaqlarımız olan Cənubi Azərbaycanda yaşayan 40 milyona yaxın soydaşımızın mümkün qəzəbini! Çünki milyonlarla Azərbaycan türkünün o qəzəbi terroru, şəri ölkəmizin əleyhinə dövlət siyasətinə çevirmiş bu şeytan yuvasının öz qanında boğulmasına səbəb ola bilər...

Mahir Rəsuloğlu, “İki sahil”