Qərbi Azərbaycan İcması Avropa Parlamentinin irqçi yanaşmadan çıxış edərək bu gün qəbul etdiyi, regionda gərginliyi artırmaq məqsədi güdən növbəti anti-Azərbaycan qətnaməsini sərt şəkildə qınayır.
“İki sahil” xəbər verir ki, bu barədə İcmanın yaydığı məlumatda deyilir.
Avropa Parlamentində oturan neo-səlibçilər Ermənistanı hərbiləşdirməyə çağırmış və əsassız iddialarla Azərbaycana böhtan atmışlar. Əslində müəyyən dairələrin əlində alət olan korrupsioner, irqçi ünsürlər yığıntısı olan Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə ədalətin zəfər çalmasından qəzəbini gizlədə bilmir.
Son dövrlər Ermənistan və Azərbaycan arasında müşahidə olunan nisbi sabitlik, iki dövlət arasında baş vermiş yüksək səviyyəli təmaslar və Almaniyanın federal kanslerinin səyləri fonunda Avropa Parlamentinin bu qətnaməni qəbul etməsi təxribatçı addımdır və regional dinamika baxımından tamamilə yanlış siqnal verir.
Avropa Parlamenti bu cür əbəs oyunlar yerinə Ermənistandan və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan artıq azərbaycanlının qovulmasına, orada azərbaycanlıların mədəni irsinin, 1000-dən çox azərbaycanlı yaşayış məntəqəsinin dağıdılmasına, minlərlə mülki azərbaycanlının qətliamına indiyədək niyə susduğuna dair izahat verməlidir.
Ermənistan tarixdən dərs çıxararaq həmin bədxah qüvvələrin təxribat və təhriklərinə uymamalıdır. Ermənistan həmin qüvvələrlə və bu kimi “sənədlərlə” özü arasında məsafə qoymalı, qovulmuş Qərbi azərbaycanlıların geri qayıtmasına şərait yaratmaqla Azərbaycanla sülh əldə etməyə çalışmalıdır.