Vaxtilə Azərbaycanın bir hissəsi olmuş, lakin XIX əsrin birinci yarısında çar Rusiyasının işğalı nəticəsində ermənilərə "bağışlanmış" ərazilər ruslar tərəfindən "erməni vilayəti" adlandırılmışdır. Fitnə-fəsad yuvasına çevrilən vilayətin gəlmə sakinləri Rusiya imperiyası tərəfindən silahlandırılaraq yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törətməyə təhrik edilmişlər. 1918-1921-ci illərdə törədilən qırğınlardan sonra həmin yer Ermənistan adlandırılmış, İrəvan şəhəri Azərbaycandan alınaraq qondarma dövlətə paytaxt kimi verilmişdir. Ermənipərəst Sovet hökumətinin hərtərəfli yardımı ilə 1988-ci ildə yeni təcavüzlə əlaqədar olaraq o ərazidə yaşayan 250 min azərbaycanlı son nəfərinə qədər ata-baba yurdundan zorla deportasiya olunmuşdur.
Təbii ki, biz indi o ərazilərə Qərbi Azərbaycan deyirik. O əraziləri belə adlandırmağa haqqımız yoxdurmu? Yoxsa ermənilərdən icazə almalıyıq? Axı, həmin yerlərdə sonradan yerlə-yeksan edilmiş bizim qəbiristanlıqlarımız, dini və mədəni abidələrimiz olub. On minlərlə toponimlərimiz hələ də qalmaqdadır. Baxmayaraq ki, vandal ermənilər onların bir çoxunu məhv ediblər.
Son vaxtlar Ermənistan rəsmiləri bu iki kəlmədən qorxduqlarını açıq büruzə verir, onu Avropanın "ərazi bazarında" bayraq edirlər. Onlar mətbuata bildirirlər ki, azərbaycanlılar Qərbi Azərbaycan deyirlərsə, deməli oraya hücum edəcəklər. Bu bəhanəni ötən ayın ortasında gedib Münxen Təhlükəsizlik Konfransına da qaldırıblar. Orada müzakirə zamanı bu məsələni şivənliklə təqdim etdilər ki, Qərb dünyasının təsəvvüründə Azərbaycan təcavüzkar kimi tanınsın. Amma onların bu bəhanəsi nə qədər əsaslıdır?
Əlbəttə ki, bunun heç bir əsası yoxdur. Düzdür, Azərbaycanda “Qərbi Azərbaycan” söhbəti gedir, amma bu, tamam başqa mənada işlədilir. Yəni, Ermənistanın haray-həşir saldığı kimi deyil, Azərbaycan həmin əraziləri geri qaytarmaq üçün Ermənistana hücum etməyi planlaşdırmır.
Bəli, rəsmi şəxslər və sadə azərbaycanlılar deyirlər ki, indiki Ermənistan bizim tarixi torpaqlarımızda yaradılıb. Bu, hamıya məlum olan tarixi fakt deyilmi? Üstəgəl, daim bu cür açıqlamaların ardınca bəyan edilir ki, bizim hazırda Ermənistanın nəzarətində olan səkkiz kənddən savayı işğalçı dövlətə başqa heç bir ərazi iddiamız yoxdur. İrəvana qarşı biz nə indi, nə də gələcəkdə ərazi iddiası irəli sürməyəcəyik. Bu qədər sadə.
Qeyd edək ki, sadə insanlar bir tərəfə, bizim rəsmilərin dilindən də bu cür bəyanatlar dəfələrlə səslənib, zəruri açıqlamalar verilib. Bu, həqiqətdir, qəbahət deyil ki! Azərbaycan Ermənistandan fərqli olaraq, heç bir sənəddə, nə Müstəqillik Bəyannaməsində, nə Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Bunu ermənilər və Ermənistan edib - onların bütün əsas sənədlərində, konstitusiyasında, müxtəlif aktlarda, hətta gerblərində belə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var, qəbul etdikləri neçə-neçə sənəddə keçmiş Dağlıq Qarabağı “Ermənistan ərazisi” elan ediblər.
İndi baş nazir Nikol Paşinyan az-çox başa düşür ki, bütün bunlar aradan qaldırılmasa, o, öz ölkəsinin gələcəyini təmin edə bilməyəcək, Bakı və Ankara ilə münasibətləri yoluna qoya bilməyəcək. Amma görək, ermənilərin öz baş nazirlərinin təklifinə reaksiyaları necədir? Müharibələrdən bezmiş sadə ermənilər hələ ki, hər hansı etiraz ifadə etməyiblər. Amma revanşistlər, qatı daşnaklar və kinli keşişlər saçlarını yolub tökürlər ki, Nikol Paşinyan Ermənistanın “tarixi hədəf”lərinin üstündən xətt çəkir, “artsaxı” türklərə satır...
“Qərbi Azərbaycan” məsələsi Azərbaycanda yalnız bir məzmun kəsb edir: vaxtilə bizim yüz minlərlə qardaş və bacılarımız indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından zorla qovulublar. Üstəgəl, onlar vaxtilə ermənilərlə birgə yaşayarkən Ermənistana qarşı hər hansı cinayətkarlıqla və separatizmlə məşğul olmayıblar. Ona görə də bu insanlar nə vaxtsa öz yurdlarına, dədə-baba torpaqlarına qayıtmaq istəyirlər və bu onların qanuni haqqıdır. Qəribədir ki, ermənilər bütün beynəlxalq təşkilatlarda hay-küy qaldırıb Qarabağdan öz istəkləri ilə köçmüş soydaşlarının geri qaytarılmasını tələb edirlər, ancaq Ermənistandan köçmüş azərbaycanlıların öz vətənlərinə qayıtmalarını qətiyyən qəbul etmək istəmirlər. Qəribə məntiqdir, deyilmi? Hərçənd ki, bu toplumun qəribəliklərinin, namərdliklərinin və əcaib davranışlarının sayı-hesabı bilinmir. Hay başıpozuqları özlərini elə iddialı aparırlar ki, sanki bütün dünya onlara borcludur. Hər yerdə “gəmidə oturub gəmiçi ilə dava edən” ermənilər başqalarının sığal-tumarına öyrəşiblər. Qərbi Azərbaycanı da həmin “başqaları”nın köməyi ilə işğal ediblər, hələ üstəlik digər ərazilərimizi də. Onlara ayrılmış 9 min kvadratkilometrdən əlavə 20 min kvadratkilometr torpağımızı hissə-hissə qoparıblar. Bilmirdilərmi bir gün “tələ yiyəsi” gələcək. İndi nə qışqır-bağır salıblar? Artıq bədəl ödəməyin vaxtı gəlib. Həyasızlıqlarını, şər-böhtanlarını yerə qoyub Azərbaycan tərəfindən onlara təklif edilmiş sülh şərtlərinə əməl etsələr, bu halda da qazanmış olacaqlar. Başqa fikrə düşsələr özləri yaxşı bilirlər nələr olacaq...
Vəli İlyasov, "İki sahil"