Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib.
“İki sahil” xəbər verir ki, kitab müsabiqənin münsiflər heyətinin sədri, xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edir. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi...” adlı kitab "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişidir - “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim ediləcək.
Yeni nəşrin təqdimatı tanınmış yazıçı, ədəbiyyatşünas və tənqidçilərin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyində baş tutub.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçıları İçərişəhərdəki Mir Cəlal ocağının həmtəsisçiləri adından salamlayıb. Bildirib ki, Fondun məqsədi Azərbaycan ədəbiyyatının tədqiq və təbliği ilə bağlı fəaliyyət qurmaqdır. Burada 2017-ci ildən bəri keçirilən və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə Müsabiqəsi ənənəvi hal alıb. BDU-nun professoru Ədibə Paşayevanın ötənilki təklifi ilə münsiflər bu dəfə yalnız qaliblərin elan edilməsi ilə kifayətlənməyib, seçilmiş əsərləri müasir Azərbaycan ədəbiyyatına bir töhfə kimi kitab şəklində hazırlmağa qərar veriblər.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi Qismət Rüstəmov dəmir yolu sənayesinin inkişafının ədəbi janra gətirdiyi yeniliklər barədə bəhs edib.
Əməkdar memar Akif Abdullayev isə təqdimatın keçirildiyi Sabunçu Vağzalının tarixi binası və onun təyinatı barədə xatirələrini auditoriya ilə bölüşüb.
Müsiflər heyətinin üzvləri xalq şairi Nəriman Həsənzadə, tanınmış sənətşünas İlham Rəhimli və Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibi Seymur Oruc yazıçıları hekayələrinin işıq üzü görməsi münasibətilə təbrik edib, Azərbaycan dilinin paklığının qorunması istiqamətində onlara nailiyyətlər arzulayıblar.
Təqdimat mərasimini yekunlaşdıran ADY sədrinin müşaviri Aysel Soltanova qeyd edib ki, 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Azərbaycan Dəmiryol Muzeyi pandemiya səbəbindən uzun müddət bağlı qalsa da, ötən ilin dekabr ayında ziyarətçilərin üzünə açılıb, bundan sonra həm də belə mədəni tədbirlərə ev sahibliyi edəcək. “Ədibin Evi”nin kitab ideyasına həvəslə qoşulan ADY bu nəşri eksklüziv olaraq qatarlarda sərnişinlərin səyahət vaxtının daha mənalı və xoş keçməsi üçün təqdim edəcək.
Təqdimat mərasimində gənc istedad, Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbinin şagirdi Nuray Şahsuvarlı Beynəlxalq Muğam Mərkəzinin ifaçılarının müşaiyəti ilə musiqi nömrələri ifa edib.