Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Kanadanın Azərbaycanlı Tələbələr Assosiasiyası”nın təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əslən Qarabağdan olan Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bölməsinin Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova Xocalı soyqırımı haqqında məlumat verib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi soyqırımı törədilib. 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi və 1275 sakinin girov götürüldüyü Xocalı qətliamının soyqırımı kimi tanınması və cinayətkarların ədalət mühakiməsinə çıxarılmasının vacibliyi də xüsusi olaraq vurğulanıb.
Azərbaycanın haqq səsini Kanada ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunmuş tədbir zamanı müxtəlif etnik mənsubiyyətə malik tələbələr və universitetin müəllim heyəti eşitdikləri faktlar qarşısında təəccüblərini və kədərlərini gizlədə bilməyiblər.
Sonda Xocalı həqiqətlərini və Azərbaycanın işğaldan azad edilmiş rayonlarında erməni vandalizmini əks etdirən fotosərgi nümayiş olunub.