26 fevral 2024 11:09
479

Ən qanlı və faciəvi soyqırım hadisəsi - Xocalı faciəsi

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Ermənilərin Xocalı şəhərini hədəfə almasının bir sıra səbəbləri var idi. Əsas səbəblərdən biri Xocalının Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, aeroportun Xocalı ərazisində olması idi. Çünki Xankəndinin ətrafındakı erməni mövqelərini Xocalıdan top atəşi ilə sıradan çıxarmaq imkanı var idi. Bu,  erməni separatçılarını ciddi narahat edirdi. Digər tərəfdən, Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni abidələr dağıdılıb. Qeyd edək ki, hazırda Xocalıdan olan məcburi köçkünlər ölkənin 50 şəhər və rayonunda müvəqqəti məskunlaşıblar. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı işlər ulu öndər Heydər Əliyevin xalqın tələbilə hakimiyyətə qayıdışından sonra başlayıb. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Ötən illər ərzində Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilib, bununla bağlı bir çox internet saytı yaradılıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələlərdən biri  kimi müəyyənləşdirilib. Görülən sistemli tədbirlər nəticəsində dünyanın bir sıra ölkələri Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sərgilər nümayiş olunur. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.

2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi. Otuz il havadarlarının himayəsi ilə torpaqlarımızı işğalda saxlayan, sərhədboyu ərazilərdə təxribatlar törədən, dinc əhalini qətlə yetirən Ermənistan ordusu diz çökdürüldü. İndi bütün dünya Azərbayacanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən yenidən bütövləşdi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır. Bütün işlər başa çatandan sonra məcburi köçkünlərin, o cümlədən Xocalıların öz doğma torpaqlarına, evlərinə qayıdışı təmin ediləcəkdir. Bu il də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün tədbir və mərasimlər keçirilir. Bütün vasitələrlə çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi-siyasi qiymətini alsın. Bu qanlı faciənin bütün dünyada tanıdılması ümumxalq məsələsidir və hər birimiz bu işdə fəal iştirak etməliyik.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri