26 fevral 2024 10:37
535

Erməni terrorunun ən dəhşətli səhifəsi- Xocali faciəsi: unutmadıq, unutmuruq, unutmayacayıq!

Hicran Hüseynova,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

 

Heç vaxt Cənubi Qafqazda dövləti olmayan  ermənilər himayədarlar taparaq, onların sayəsində əvvəlcə Azərbaycan ərazisində məskunlaşmış, bizim dədə-baba torpaqlarımızda Ermənistan adlı respublika yaratmışlar. Lakin bütün bunlara baxmayaraq, onlar yenə də öz mənfur niyyətlərindən əl çəkməmiş, müxtəlif vaxtlarda azərbaycanlılara qarşı  etnik təmizləmə siyasəti həyata keçirmiş, terror aktları törətmişlər. ermənilərin törətdikləri terror aktlarından  biri də Xocalıda  həyata keçirilmişdir. Ümummilli Lider Heydər Əliyev bu qanlı cinayət hadisəsini qiymətləndirərkən bilrdimişdir ki: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Bu il Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu il biz bu faciəli tarixi bir başqa əhval-ruhiyyədə keçiririk. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.  Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində, 1 günlük antiterror tədbirində Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə  erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi. Bu gün hər qarşında günahsız müharibə qurbanlarının, qəhrəman şəhid və qazilərimizin  müqəddəs qanı olan bütün Qarabağda, Şərqi Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Bir vaxtlar ermənilər tərəfifindən zorla, qəddarlıqla öz evlərindən, tarixi torpaqlarından qovulan  vətəndaşlarımız indi orada əbədi yaşamaq, qurub yaratmaq üçün qayıdır.

 Prezident İlham Əliyev  bu soyqırımı haqqında deyirdi ki: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir.” 32 il bundan əvvəl Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.   Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.  Erməni əsgərlərindən qaçmağa çalışan insanların  böyük hissəsi isə donvurmadan həyatını itirdi. Ermənilər təkcə canlı insanları deyil, həm də mülki və sosial binaları, tarixi abidələri bütövlükdə   Xocalı şəhərini  xarabaya çevirdilər. soyqırımına məruz qoydular.

Xocalı soyqırımını törədən erməni  vandalları beynəlxalq hüquqi aktları BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi” ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozmuşdur.

Xocalı soyqırımı  Xatun,  Xırosima, Sonqmi soyqırımlarından daha dəhşətli, insanlığa sığmayan və analoqu olmayan qanlı cinayətdir. XX yüzilliyin sonunda törədilmiş Xocalı qətliamı erməni quldurlarının iki yüz ildən artıq xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin davamı və ən faciəli səhifəsidir. Bütün dünya ictimaiyyəti Ermənistan tərəfindən  azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətindən xəbərdar olmalıdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı və müəllifi   olduğu “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. 

Təcrübə göstərir ki, vahid informasiya sistemini qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. Bu gün bizim qarşımızda dayanan Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymət verilməlidir. Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istəməli,  hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməli və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməlidir.

Bizim haqlı olduğumuzu dəstəkləyən ölkələrlə, nüfuzlu xarici alimlərlə, diplomatlarla, etnoqraflarla əməkdaşlığı daha da gücləndirməliyik. Müvafiq qurumlar çalışmalıdır ki, həqiqətən Vətənini sevən, onun inkişafına çalışan, haqlı mübarizəsinə dəstək verən diaspora nümayəndələri,  ayrı-ayrı ölkələrin bələdiyyə, parlament, hökumət  səviyyəsində təmsil olunsunlar, Azərbaycanı təbliğ etməkdə daha çox töhfə versinlər. Ümumiyyətlə, bizim hər birimiz öz səlahiyyətlərimiz daxilində Beynəlxalq təşkilatlara və dünya ölkələrinə beynəlxaq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının Qətnamələrinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin acı və dağıdıcı nəticələri haqqında təbliğat işlərini daha da gücləndirməliyik. Və bu, hadisədən- hadisəyə deyil, davamlı və ardıcıl şəkildə aparılmalıdır.

Ermənistanın  təcavüzkar siyasəti bundan sonra da iflas edəcəkdir. Çünki  artıq  həm bölgədə, həm dünyada yeni reallıqlar yaranmışdır. Burada güclü və diktə edən tərəf  geniş potensiala malik Azərbaycan dövləti, onun getdikcə artan iqtisadi qüdrəti, siyasi nüfuzu, dünya azərbaycanlılarının gündən – günə möhkəmlənən həmrəyliyi, nəhayət, güclü və müasir Azərbaycan ordusudur.  Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun nümunələrini əks etdirən açıq muzeylər, abidələr, Xocalıda soyqırım hadisəsini ifadə edən xüsusi bir memorial abidə-kompleks yaradılmalıdır. İndi biz Xocalıya qayıtmışıq, ağır, qanlı faciəyə baxmayaraq, bu gün başımız dik, alnımız açıqdır. Bir daha Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir,  canlı şahidlərə isə daha əzmlə, daha məğrur yaşamağı, yaratmağı, Xocalının əvvəlki şöhrətini qaytarmağı arzu edirəm!