25 fevral 2024 18:50
405

İtaliya nəşrində ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətlərindən bəhs edilib

İtaliyanın “Notizie Geopolitiche” nəşrində Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovun Xocalı soyqırımı haqqında müsahibəsi dərc olunub.

“İki sahil” xəbər verir ki, diplomat müsahibəsində Xocalı həqiqətlərindən, ermənilərin 32 il əvvəl törədikləri soyqırımı cinayətlərindən bəhs edib. Bildirib ki, torpaqlarının işğalı nəticəsində Azərbaycan əhalisinin təxminən 10 faizi məcburi köçkün vəziyyətinə düşüb. Bu, amansız üsullardan istifadə edilməklə həyata keçirilən qanlı və qəddar işğal idi. Bunu çoxsaylı sənədlər, araşdırmalar və rəsmi mənbələr də sübut edir. İşğal zamanı törədilənlərin ən faciəlisi isə Xocalı şəhərində olub. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunları ovaxtkı SSRİ ordusunun motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı kütləvi qırğın həyata keçirib. Erməni hərbçiləri 613 dinc sakini, o cümlədən 63 uşağı və 106 qadını vəhşicəsinə qətlə yetiriblər. 1275 nəfər girov götürülüb, 150 nəfər hələ də itkin düşmüş sayılır. Amansızlıqla qətlə yetirilən bütün mülki şəxslər tamamilə günahsız idilər. Ona görə də bu qeyri-insani hərəkət bəşəriyyətə qarşı cinayət idi. “Human Rights Watch” təşkilatı bunu Qarabağ müharibəsi zamanı bir gündə baş vermiş ən böyük qırğın kimi təsbit edib.

Səfir 1989-cu il siyahıyaalınmasına əsasən Xocalının 7 min nəfərin yaşadığı, strateji mövqeyə malik və yeganə hava limanına malik şəhər olduğunu bildirib. Vurğulayıb ki, Xocalı qətliamı ötən əsrin sonlarında baş vermiş ən qəddar etnik zorakılıq aktlarından biridir. Onun motivi təkcə ərazi işğalı deyil, həm də mülki insanları kimliyinə və etnik mənşəyinə görə qətlə yetirmək niyyəti olan soyqırımıdır. Mülki əhalinin öldürülməsi insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Hazırda Ermənistan hər vasitə ilə həqiqəti gizlətməyə çalışır ki, beynəlxalq ictimaiyyət Xocalıda törədilən hadisələr barədə məlumatlanmasın. Ermənistan Xocalı soyqırımına görə tam məsuliyyət daşıyır və bu, çoxsaylı faktlar, o cümlədən istintaq sübutları və sənədləri, şahid ifadələri, beynəlxalq media orqanlarının hesabatları ilə açıq şəkildə təsdiqlənir.

R.Aslanov dünyada “dondurulmuş münaqişələr” adlandırılan münaqişələrdən birinə 2020-ci ildə son qoyulduğunu, İkinci Qarabağ müharibəsinin Ermənistanın 30 ilə yaxın altında saxladığı ərazilərin azad edilməsi və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrası ilə başa çatdığını xatırladıb. Deyib ki, Xocalı şəhəri işğaldan azad edildikdən sonra 1992-ci ildə orada işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülmüş qadın və uşaqların basdırıldığı bir neçə kütləvi məzarlıq aşkar edilib. Həmin kütləvi məzarlıqlar Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş qətliamla bağlı heç bir şübhə yeri qoymur. Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında Xocalının mülki əhalisinin qətliamı “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edilib.

Diplomat qeyd edib ki, Azərbaycan xalqı erməni təcavüzünün qurbanlarını anır və onlar üçün ədalət tələb edir. Dünyanın 17 ölkəsinin və ABŞ-ın 20-dən çox ştatının parlamentləri Xocalı faciəsini pisləyən, onu soyqırımı kimi tanıyan qətnamələr qəbul edib. Aydındır ki, cinayət törədənlərin hələ də yaşadıqları cəzasızlıq Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün əldə edilməsində irəliləyişə hələ də mane olmaqdadır.