Fevralın 21-də Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbi Xalq artisti, Üzeyir Hacıbəyli adına Respublika Mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqı Qarabağ filialının sabiq rəhbəri Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
“İki sahil” xəbər verir ki, Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində keçirilən tədbirdə Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, görkəmli bəstəkarın adını daşıyan 1 saylı uşaq incəsənət məktəbinin direktoru Vaqif Abbasov çıxış edərək Süleyman Ələsgərovun həyat və yaradılıcılığından geniş söz açıblar.
Bildirilib ki, Süleyman Əyyub oğlu Ələsgərov 22 fevral 1924-cü ildə Qarabağımızın tacı, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində anadan olmuşdur. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali musiqi təhsili almaq üçün Bakıya üz tutur. Burada Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alan istedadlı musiqiçi qısa müddətdə musiqi ictimaiyyəti arasında tanınmağa başlayır. 1943-cü ildə dahi Üzeyir Hacıbəylinin zəmanəti ilə respublika Bəstəkarlar İttifanına üzv qəbul olunan gənc bəstəkarın gələcək yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi "Gözlə məni" mahnısi böyük rol oynayır.
2000-ci il yanvarın 21-də 75 yaşında dünyasını dəyişən, Fəxri xiyabanda dəfn olunan Süleyman Ələsgərov ümumilikdə 11 operettanın, o cümlədən "Ulduz", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır*, "Həmişəxanım", "Hərənin öz ulduzu" musiqili komediyalarının, "Bahadur və Sona", "Solğun çiçəklər" operalarının, "Bayatı Şiraz" simfonik mugamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestrı üçün konsertlərin, "Vətənimdir", "Yada düşdü", "Sərvi xuramanım mənim" kimi sevilən romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.
Tədbirdə Süleyman Ələsgərov adına 1 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Onların ifasında S. Ələsgərovun, həmçinin klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla qarşılanıb.