21 fevral 2024 15:22
692

İnsanlığa qarşı törədilmiş cinayətlər cəzasız qalmamalıdır və qalmayacaq

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.  
Ümummilli Lider Heydər Əliyev

Xocalı  Xankəndi şəhərindən 14 km şimal -şərqdə yerləşir . 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı .
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər . Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir .
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara , meşələrə qaçmış , hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş , onlara amansız divan tutmuşdur .
Erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər öldürülmüş , 487 nəfər şikəst olmuş , 1275 nəfər dinc sakin ağlasığmaz işgəncələrə məruz qalmışdır. 150 nəfərin taleyindən hələ də xəbər yoxdur . Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmişdir . Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmur və unutmayacaq. Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd edilir. Hər il fevralın 26-da anım mərasimləri keçirilir. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər , sənədli filmlər nümayiş olunur .
Soyqırım həqiqətlərini əks etdirən kitablar sərgilənir. Cinayət cəzasız qalmamalıdır. Bu təcavüz dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli Lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

“Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.

Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq.

Aygün Məmmədova,
Xətai rayon, 287 nömrəli Zəkalar liseyi İngilis dili müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü