20 fevral 2024 13:43
574

Ağrı-acısı heç vaxt azalmayan Xocalı faciəsindən 32 il ötür

Ağrı-acısı heç vaxt azalmayan Xocalı faciəsindən 32 il ötür. Bu 32 il tarix üçün böyük zaman çərçivəsi deyil. Amma bu çərçivənin iç və çöl üzünə diqqətlə baxsaq, aydın şəkildə görə bilərik ki, bu 32 ilin hər bir anı və hər bir hadisəsi böyük tarixi faktdır. Tarixi faktı unutmaq, təhrif etmək, ona biganə qalmaq tarixi ədalətsizlikdir. Yaxın və uzaq keçmişimizə nəzər salanda məlum olur ki, Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində böyük ədalətsizliklərlə çox üz-üzə qalıb. Xocalı faciəsi bu ədalətsizliklərin ən amansızıdır, bəlkə də!

Azərbaycanın yerləşdiyi tarixi ərazi, coğrafi mövqeyi, zəngin təbii sərvətləri, qədim mədəniyyəti, iqtisadi-siyasi əhəmiyyəti həmişə dünya ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Uca Tanrının xalqımıza bəxş elədiyi müqəddəsliklər, təəssüf ki, bizə dostdan çox düşmən qazandırmışdır. Xocalı faciəsi heç vaxt unudulmayan düşmən əməlidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən bu faciə bir millətə qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə gerçəkləşən bu qanlı hadisə nəticəsində qədim yaşayış məskənlərimizdən biri olan Xocalı şəhəri sərt bir qış gecəsinin ölüm-dirim meydanına çevrildi, qan su yerinə axdı, günahsız insanların ah-naləsi, fəryad səsləri göylərə yüksəldi. Mənfur düşmən öz çirkin əməli ilə bağışlanmaz bir cinayətə yol verdi. Bu cinayət nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edildi; 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürüldü. Həmçinin 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü, 150 nəfər isə itkin düşdü. Bu statistik rəqəmlər tarix kitablarına əsasən yazılıb və bu rəqəmlər fərqli də ola bilər. Hər bir rəqəm, hər bir itki insan taleyi deməkdir. Bu cəhətdən Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımlardan biridir. Bu xüsusda Ulu öndər Heydər Əliyevin bir fikri tam yerinə düşür: Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misligörünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşahəli siyasət və Xocalı faciəsinə verdiyi qiymət Ulu öndər Heydər Əliyevin söylədiyi yuxarıdakı fikrin real tətbiqidir.

Bu gün Azərbaycan 32 il əvvəlki Azərbaycan deyil. Bu gün  Azərbaycan qüdrətli, qalib, bütöv və suverən Azərbaycandır. Bu gün düşmən bizə qarşı heç bir faciə törədə bilməz. Çünki haqq-ədalət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Düşmən isə hələ də boş-boş xəyallarla yaşayır, hələ də böyük Ermənistan qurmaq istəyir. Ancaq unutmaq lazım deyil ki, “sürünmək üçün yarananlar uça bilməzlər”!

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü