19 fevral 2024 22:47
567

Mahnı mədəniyyətimizin inkişafında Ramiz Mirişlinin rolu

Azərbaycan musiqisi Azərbaycan mədəniyyətinin bir qolu olub çox qədim və zəngin tarixə malikdir. Azərbaycanın xalq və professional musiqisinin inkişafında Naxçıvan mədəniyyəti və Naxçıvan bəstəkarlarının xüsusi yeri və rolu vardır.

Naxçıvanlı bəstəkarlar içərisində ürəkləri fəth edən mahnılar bəstələyən, Azərbaycanın nəğməkar bəstəkarı Ramiz Mirişlinin xüsusi yeri var. Azərbaycan mahnı mədəniyyətində Ramiz Mirişli məktəbi yaradan bəstəkarın “Dalğalar”, “Sənsən ürəyim”, “Bir könül sındırmışam”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu tar”, “Səadət” və digər dillər əzbəri olan mahnılarını eşitməyən, ona dəfələrlə, təkrar-təkrar qulaq asmayan yoxdur.

1934-cü il aprelin 16-da Naxçıvan şəhərində dünyaya göz açan Ramiz Mirişlinin doğulub boya-başa çatdığı ailə mühiti onun gələcək taleyində mühüm rol oynamış, orta məktəb illərindən musiqiyə böyük maraq göstərmişdir. Ailəsi onun musiqiyə həvəsini və musiqi duyumunu dəyərləndirərək bu sahə üzrə təhsil almasına dayaq olmuşdur. Gələcəyin görkəmli bəstəkarı Naxçıvan şəhərindəki orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1952-1954-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda təhsil alıb. Bu illərdə öz bacarıq və istedadı ilə texnikumun pedaqoji heyətinin diqqətini cəlb edib. Həmin misiqi təhsili ocağını bitirdikdən sonra təhsilini davam etdirmək qərarına gələn Ramiz Mirişli 1956-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfinə daxil olub. Konservatoriya mühiti onun bəstəkar kimi yetişməsinə köməkliyini göstərib. Əmək fəaliyyətinə 1954-cü ildən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmışdır. O, bütün bu vəzifələrdə göstərilən etimadı doğrultmaqla yanaşı, bəstəkarlıq fəaliyyətini də davam etdirmiş, Azərbaycan mahnı mədəniyyətinin inkişafına töhfələrini vermişdir. Bunlarla yanaşı, 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuş, 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir. Naxçıvanda musiqi mədəniyyətinin inkişafı, gənc və istedadlı musiqiçilərin, o cümlədən bəstəkarların üzə çıxarılması, onlara düzgün istiqamət verilməsi üçün Ramiz Mirişli səy və bacarığını əsirgəməmişdir. Buna görə də o vaxt Ramiz Mirişli qayğısını görən musiqiçilər bu sənət fədaisini bu gün də minnətdarlıqla xatırlayırlar. Görkəmli bəstəkarın Naxçıvanda təşkil edilən dövlət tədbirlərinə gəncləri cəlb etməsi onun musiqimizin gələcəyinə qayğısı idi və illərdir ki, bu qayğı öz bəhrəsini verir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın böyük bəstəkarı adlandırdığı, yaradıcılığına yüksək qiymət verdiyi Ramiz Mirişlinin əsərləri ilə Azərbaycan musiqisi daha da zənginləşib, yeni çalarlar qazanıb. Bəstəkarın yaratdığı əsərlər rəngarəngliyi, bənzərsizliyi ilə seçilir. Ramiz Mirişli ən müxtəlif janrlarda əsərlər yaratmışdır. 4 musiqili komediya, kamera orkestri üçün simfoniya, 3 simfonik poema, 3 kantata, 4 simfonik suita, fortepiano üçün 12 suita və miniatür, 40-dan artıq teatr tamaşaları və filmlərə yazdığı musiqilər bu gün də öz dəyərini saxlamaqdadır. Bəstəkar bütün janrlara müraciət etsə də, onu xalqa daha çox sevdirən mahnıları olub. Onun mahnıları xalqın ruhuna, ürəyinə xitab edirdi, ona görə bu gün də hamı tərəfindən sevilir. Bəstəkar deyirdi: “Mən sevməsəm, heç vaxt yaza bilmərəm. Mahnı da sevgi kimi azaddır”. Bəli, Ramiz Mirişli Vətənini, xalqını sevirdi, digər tərəfdən ürəyində olan sevgi hisslərini bəstələrlə ifadə etməyə çalışır və buna nail olurdu. Ramiz Mirişlinin ilk professional mahnısı 50 ildən çox yaşı olan “Dalğalar” mahnısıdır. Mahnı gözəl şairimiz İslam Səfərlinin şeirinə bəstələnib və ilk ifaçısı Şövkət Ələkbərova olmuşdur. Üç görkəmli sənət korifeyinin gücü ilə bu mahnı insan qəlbini ehtizaza gətirən bir musiqi əsəridir. Bəstəkarın digər mahnıları olan “Oxu tar” və “Salam, Kür çayı” mahnıları ona daha da şöhrət qazandırıb.

Bəstəkarın yaradıcılığında doğma yurdu Naxçıvan da xüsusi yer tutub. Onun Azərbaycan Respublikasının Xalq şairi Məmməd Arazın sözlərinə bəstələdiyi “Doğma diyar” mahnısını sevməyən tapılmaz. Ramiz Mirişli xalq çalğı alətləri orkestri üçün “Naxçıvan lövhələri”ni bəstələmiş, bir sıra “Şərur yallısı”nı nota almışdır.

Görkəmli bəstəkar 2015-ci il aprelin 17-də vəfat edib. O, Xalq artisti, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Lətafət Həsənova,
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin III kurs tələbəsi