14 fevral 2024 00:12
869

Qərbi Azərbaycan: Doğma yurda qayıtmaq hüququmuzdur

İşğalçı ölkə isə öhdəliklərindən boyun qaçırır

Ermənistanın azərbaycanlılara qarşı cinayətləri barədə saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Onların hüquqi müstəvidə araşdırılmasına çox böyük ehtiyac var. Hazırda bu proses ölkəmizdə dövlət siyasəti və ümumxalq hərəkatı səviyyəsində davam edir.

Bir çox tarixçi və tədqiqatçılar ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətininin əsasən üç mərhələsini qeyd edirlər. Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905–1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovetlər 1948–1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində sovet diktatoru İosif Stalinin göstərişi ilə 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Xüsusilə Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində iştirakı və icma nümayəndələri ilə görüşündən sonra bu istiqamətdə ictimai fikirdə köklü dəyişikliklər baş verməkdədir. Dövlətimizin başçısı İcmanın fəaliyyətini müsbət qiymətləndirərək bildirmişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın düşmən tərəfindən tapdalanan hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir.

Bütün faktlar Ermənistanın üzərinə BMT-nin Nizamnaməsi və digər müvafiq beynəlxalq hüquqi sənədlərə əsasən onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Yəni, beynəlxalq hüquqi əsaslara görə, Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz ölkələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa borcludur. Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 134-cü maddəsində də təsbit edilmişdir ki, dövlətlər hərbi əməliyyatlar və ya işğal başa çatdıqdan sonra bütün şəxslərin son yaşayış yerlərinə qayıtmasını təmin etməyə və ya onların repatriasiyasını asanlaşdırmağa səy göstərməlidirlər.

Eyni zamanda, milli qanunvericilik də azərbaycanlıların hazırkı Ermənistan Respublikasına qayıtmalarına hüquqi təminat verir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.

Beləliklə, soydaşlarımızın vətəndaşlığının bərpası təmin edilərsə, buradan irəli gələn bütün konstitusion hüquqları, o cümlədən mülkiyyət, dəymiş maddi-mənəvi ziyanın ödənilməsi və s. kimi hüquqların tələbi beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. 36 il əvvəl Qərbi Azərbaycandan didərgin düşmüş insanlar Ermənistan vətəndaşı olublar. Onların bu vətəndaşlıqdan çıxarılması haqqında heç bir hüquqi sənəd və ya məhkəmə qərarı yoxdur. Bu insanların böyük əksəriyyəti hətta pasport qeydiyyatından çıxmadan Ermənistanı tərk etməyə məcbur ediliblər. Bu isə, öz növbəsində, Ermənistan dövlətinin üzərinə bu şəxlərin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək və üstəlik, vurulmuş maddi və mənəvi ziyana görə onlara təzminat ödəmək kimi öhdəlik qoyur. İşğalçı ölkə isə hər vasitə ilə öhdəliklərindən boyun qaçırır.

Nigar Orucova, “İki sahil”