05 fevral 2024 17:05
418

Rusiyada azərbaycanlı ssenaristin müəllifi olduğu film geniş prokata çıxıb

Rusiyada azərbaycanlı ssenarist Nərgiz Bağırzadənin müəllifi olduğu film geniş prokata çıxıb.

“İki sahil” xəbər verir ki, ”Qızcığaz” adlanan tammetrajlı film Rusiyanın bütün kinoteatrlarında nümayiş olunur.

Moskvanın “İlliuzion” kinoteatrında baş tutan filmin premyerasında Rusiyanın kino və media ictimaiyyətinin nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Ssenarist Nərgiz Bağırzadə “Qızcığaz” (“Detka”) tammetrajlı filminin ssenarisini üç il bundan qabaq düşündüyünü söyləyib: “Biz İrina (İrina Bas-filmin rejissoru) ilə ssenari üzərində uzun müddət işləmişdik. “Lenfilm” ssenarini çox bəyəndi. Biz birlikdə Kino Fondunun ssenarinin maliyyələşdirilməsi müsabiqəsini udduq və yekunda bu film ərsəyə gəldi. Film ana və qızı haqqındadır. Əslində bu, mənim rəfiqəmin başına gələn real tarixçədir. Biz ümumiyyətlə, analar və qızları arasında keçən həyat hekayələrindən danışmaq istəmişik”.

Azərbaycanlı ssenarist “Qızcığaz” filminin Kalininqradda keçən festivalda nümayiş etdirildiyini bildirib: “Bu gün isə filmin Moskvada premyerasıdır. Sabahdan isə film artıq geniş prokata çıxır. Bu film əsasən, gənclərə ünvanlanıb”.

Nərgiz Bağırzadə indiyə kimi Rusiyanın “CTC” kanalında Fyodor Bondorçukun prodüserliyi ilə ssenari müəllifi olduğu serialının, “KİON” platformasında daha bir nümayiş olunduğunu qeyd edib. “Azərbaycanda isə “Bakı, mən səni sevirəm” filminin müəllif və rejissorlarından biri olmuşam. Hazırda mənim ssenari müəllifi olduğum “Qurbağa öpüşü” adlı tammetrajlı animasiya filmi hazırlanır. Ümid edirəm ki, gələn il onun da premyerası olacaq. Lakin Rusiyada geniş prokata çıxan ilk filmim məhz “Qızcığaz”dır”.

2014-cü ildən Rusiyada yaşayan ssenarist Azərbaycanda da böyük planlarının olduğunu söyləyib: “Bu il Bakıya qayıtmışam. Həm Azərbaycanın, həm də Rusiyanın kino sənayesində çalışıram. Mənə “Salam Baku” beynəlxalq festivalının proqram direktoru vəzifəsi həvalə olunub. Hazırda hadisələrin tamamilə Bakıda cərəyan etdiyi serialın ssenarisini yazıram. Bu, çox maraqlı hekayədir. Bakı, caz və Bilgəh haqqındadır”.

Qeyd edək ki, Nərgiz Bağırzadə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda (“VGİK”) dramaturq Rüstəm İbrahimbəyovun emalatxanasında, Gennadiy Ostrovskinin Media Sənayesi İnstitutunda təhsil alıb.