Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı keçirilib.
Mərkəzdən “İki sahil”ə bildirilib ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin diplomatları, burada çalışan, yaşayan azərbaycanlılar, çoxsaylı gənclər, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərkəzin foyesində “Zəfərə gedən yol” adlı foto və kitab sərgisi təqdim olunub.
Tədbirdə çıxış edən Mərkəzin direktoru Samir Abbasov həm Azərbaycanda, həm də Özbəkistanda gənclərə dövlətin böyük diqqət və qayğısı olduğunu bildirib. Samir Abbasov əsası 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanda Gənclər Günü münasibətilə gəncləri təbrik edib.
O, cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu vurğulayıb.
Özbəkistan Gənclərlə İşlər Agentliyinin beynəlxalq əlaqələr üzrə rəhbəri Maxfuza Artıkova, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyini qeyd ediblər. Natiqlər 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə “Gənclərə və biznesə dəstək ili” elan olunduğunu diqqətə çatdırıblar.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova Özbəkistanla əlaqələrin son illərdə olan inkişafından danışıb, Türk Dövlətləri Təşkilatı çərçivəsində mühüm əməkdaşlıq platformasının yaradıldığını qeyd edib. Şəfəq Binnətova dünya azərbaycanlılarının həmrəyliyi və diaspor sahəsində həyata keçirilən layihələr barədə məlumat verib.
Sonra Gənclər Günü münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan bədii proqram təqdim olunub.
Tədbirin bədii hissəsində Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələr laureatları, Azərbaycan Müdafiə Nazirliyinin nümunəvi Orkestrinin solistləri - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli Azərbaycan musiqilərini ifa ediblər.
Konsertdə Özbəkistanda azərbaycanlı müğənni Rəna Əzizova milli musiqilərimizi, Azərbaycan Mədəniyyət Mərkəzinin “Kaykep Aliyeva adına rəqs ansamblı” milli rəsqlərimizi ifa ediblər.