Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb, 2024-cü il üzrə Fəaliyyət Planı müzakirə olunub
Bu barədə “İki sahil”ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qonağı salamlayan nazir onun Fondun yeni rəhbəri təyin olunması münasibətilə təbriklərini çatdırıb, işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü ilə və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.
Türk Mədəniyyəti və İrsi Fondu yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəamdi olaraq fəallıq göstərir, onların həyata keçməsinə dəstək göstərməkdədir.
Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, Fondun üzərində düşən vəzifələrin uğurla icrasında üzv-dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda, Fondun Baş Qərargahına evsahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edildi.