Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovdur
- Cəlil müəllim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi ilk olaraq bu təşkilatın fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti çoxsahəlidir. Əsas istiqamətlər isə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi məsələsidir. Bu təşkilat 1987-ci ildə general Mustafa Nəsirov tərəfindən yaradılıb və 30 ildən artıqdır ki, fəaliyyət göstərir. Fəaliyyəti müddətində gənclərin hərbi vətnpərvərlik ruhunda böyüməsinə bu və ya digər formada öz töhfələrini verib. Mütəmadi olaraq gənclərlə görüşlər keçirir. Bu görüşlər təhsil ocaqlarında da baş tutur, cəbhə bölgələrində də. Veterenlarımız cəbhə bölgələrində və ya tədris ocaqlarında öz təcrübələrini gənclərlə bölüşürlər. Onlara peşəkar hərbçi olmağın sirlərini öyrədirlər. Təşkilatın beynəlxalq əlaqələri də çox genişdir. Dünyanın 37 ölkəsi ilə əməkdaşlıq edirik. Bu əlaqələri yaratmaqda məqsədimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına müəyyən qədər töhfəmizi verməkdir. Çünki biz düşmənlə hərbi yolla deyil, eyni zamanda, həm də informasiya müharibəsi aparırıq. Etiraf etməliyik ki, düşmənlərimiz dünya ictimaiyyətini kifayət qədər səhv məlumatlarla məlumatlandırıb. Ona görə də faktlarla Azərbaycan həqiqətlərini yaymaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur.
- Bu il Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi qeyd olunacaq. İstərdik Azərbaycan Ordusunun dünəninə və bu gününə bir nəzər salaq...
- 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.
1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda Milli Ordunun güclənməsi daha da sürətlənmiş, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılmışdır.
Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Konkret desək, Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.
- Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı hər an Ali Baş Komandanın ətrafında birləşməyə hazırdır. Bugünki Azərbaycan əsgərlərinin ruh yüksəkliyi barədə nə deyə bilərsiniz?
- Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirdi. Düşmənin təxribatına layiq olduğu cavabı verdi. Güman edirəm ki, düşmən aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. Bu gün cəmiyyətimizdə də ruh yüksəkliyi mövcuddur. Ordumuzun düşmənə layiqli cavabları xüsusilə gəncləri hərəkətə gətirib. Onlar da ordumuza dəstək olmaq, hətta əllərinə silah alıb döyüşmək əhval-ruhiyyəsindədirlər. Bütün bunlar bir daha Azərbaycan xalqının Vətən sevgisini, döyüşkən ruhunu və torpağına bağlılığını isbatlayır.
Ermənistan bilməlidir ki, Azərbaycan xalqı Vətən uğrunda şəhid olmaqdan qorxmur. Çünki bizim mövqeyimiz haqqdır və biz öz doğma, tarixi torpaqlarımız uğrunda canımızdan keçməyə hazırıq. Yəqin ki, bundan sonra ermənilər və ermənipərəst qüvvələr anlayarlar ki, bu cür milli hakimiyyəti və onun ətrafında sıx birləşmiş cəsur xalqı olan Azərbaycanı heç zaman məğlub etmək mümkün olmayacaq.
İşğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib.
- İstərdik ki, hərbçi müəllim kimi gənclərimizə öz məsləhətlərinizi verəsiniz...
- Prezident, Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkib.
İnsanda vətənpərvərlik hissi qəhrəmanlığın əsasını qoyan amildir. Azərbaycan şanlı tarixi və əfsanəvi qəhrəmanları ilə həmişə fəxr edir. Bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan Azərbaycanın qəhrəman oğul və qızlarının ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. Müstəqil dövlətdə yaşayan hər bir gənc ilk növbədə bu dövlətin müstəqilliyinin təmin edilməsini özünün əsas vəzifəsi və məqsədi hesab etməlidir. Gənclər bilməli və dərk etməlidirlər ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bu bilik vətənpərvərlik hissinin aşılanması vasitəsilə təlqin edilə bilər. Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhdan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra gənc nəslin üzərinə daha böyük məsuliyyət düşüb. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də onun gələcəyidir. Bu mənada bir hərbçi müəllim kimi hər zaman gənclərə öz tövsiyyələrimi əsirgəmirəm. Eyni zamanda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün heyəti gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün yorulmadan çalışır.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov, (foto) “İki sahil”