25 yanvar 2024 15:53
537

Moskvada “Lermontovun vaxtı. Azərbaycan mədəniyyətində böyük şair" adlı sərgi açılıb

Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) “Azərbaycan” pavilyonunda şair Mixail Lermontovun 210 illik yubileyinə həsr olunmuş “Lermontovun vaxtı. Azərbaycan mədəniyyətində böyük şair" adlı sərgi açılıb.

“İki sahil” xəbər verir ki, sərgini açan “Azərbaycan” pavilyonun direktoru Səadət Kadırova Azərbaycanın ədibin həyatında oynadığı roldan danışıb.

“Adını dünya mədəniyyətinə qızıl hərflərlə yazan, Rusiya mədəni həyatının rəmzi olan ədibə həsr olunmuş sərgi açırıq. Lermontov kifayət qədər gənc yaşında vəfat etsə də, ömrünün bir müddətində Azərbaycanda olub və orada yaşayıb. Qusarda Lermontovun ev-muzeyi var, şair hətta Şuşada da olub. O, əsərlərində Qarabağ atlarından bəhs edib. Bu, Lermontovun Azərbaycan tarixinə dərindən nüfuz etdiyini deməyə əsas verir. Məktublarında o, Azərbaycan dilini öyrənməyə başladığını yazıb, Qafqazda Azərbaycan dilinin Avropadakı fransız dili ilə eyni olduğunu qeyd edib”, - S.Kadırova deyib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Aqşin Əliyev isə Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində Lermontovun rolunu qeyd edərək bildirib ki, şairin əsərlərini mütaliə etməklə hər bir insan mənəviyyatca zənginləşir.

Sərgidə ziyarətçilərə ilk dəfə olaraq şairin əvvəllər məlum olmayan, həyatda olarkən çəkilmiş portreti təqdim olunub.