24 yanvar 2024 12:14
333

Bolqarıstanda Azərbaycan kinosu gecəsi və fotosərgi nümayiş olunub

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı MENAR Beynəlxalq Film Festivalında Azərbaycan kinosu gecəsi və “Azərbaycana səyahət” adlı foto-sərginin açılışı baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfirliyin təşəbbüsü ilə keçirilmiş Azərbaycan kinosu gecəsində çıxış edən səfir Hüseyn Hüseynov və MENAR Beynəlxalq Film Festivalının təşkilatçı şirkətinin rəhbərləri təqdimat mərasimində iştirak edən çox saylı izləyicilərə Azərbaycanın mədəniyyəti və kino incəsənəti haqqında məlumat veriblər.

Açılışı yanvarın 22-də baş tutan və yanvarın 28-dək davam edəcək “Azərbaycana səyahət” foto-sərgisində Bolqarıstanın türk əsilli fotoqrafı Arslan Əhmədovun müəllifliyi ilə Azərbaycanın ucqar bölgələrində yaşayan soydaşlarımızın yaşayış tərzi və mədəniyyətini, eləcə də Qafqaz və Talış dağlarının əsrarəngiz təbiətini əks etdirən foto-şəkillər təqdim olunub.

Sofiya şəhərinin “Kino Evi”ndə keçirilmiş hər iki tədbirdə Bolqarıstanın dövlət qurumlarının rəsmiləri, BR parlamentinin üzvləri, yerli mədəniyyət xadimləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirliklərinin nümayəndələri, media nümayəndələri, həmçinin yerli və əcnəbi kinosevərlər iştirak ediblər.