Türkiyənin ən yüksəkgəlirli aktyorlarından biri, “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalı quşu”, “Quruluş: Osman” seriallarından tanınan Burak Özcivit fevralın 20-də Moskvada “Crocus City Hall”da və fevralın 21-də Sankt-Peterburqda “Oktyabrsk” Böyük Konsert Zalında keçiriləcək “Türk serialları musiqisi” adlı konsertlərin xüsusi qonağı olacaq.
“İki sahil” xəbər verir ki, “Podmoskovnıye veçera” konsert agentliyi tədbirin konsepsiyasını belə düşünüb: simfonik orkestrin ifasında məşhur türk seriallarından kompozisiyalar; çəkilişlər və bütövlükdə kino sənayesi haqqında maraqlı əhvalatları bölüşən artistin bu konserti müşayiəti. Agentlər vasitəsilə bu ideya Buraka təklif olunub. İdeya onun xoşuna gəlib və layihədə iştirak etməyə məmnuniyyətlə razılaşıb. Bu mərhələdə heç bir çətinlik yaranmadı. Artistin heç bir xüsusi tələbi yoxdur, tələblər siyahısı təşkilatçılar üçün maksimal dərəcədə rahatdır”, - deyən agentliyin PR-direktoru Yelena Buhmak danışıqların ötən ilin payızında aparıldığını bildirib.
Öz iş təcrübəsi barədə söhbətlərini bölüşməklə yanaşı, Özcivit “Maska” və “Avatar” televiziya layihələrində iştirakı ilə yaxşı tanınan populyar teleaparıcı Vyaçeslav Makarovun suallarını cavablandıracaq.
Təşkilatçılar qeyd ediblər ki, biletlər ötən ilin sonundan satışa çıxarılıb və artıq dinamikaya görə anşlaq gözlənilir. Proqramda konsertlərdən əlavə aktyorun fan-görüşləri də nəzərdə tutulub. Bu, Özcivitin Rusiyaya ilk səfəri deyil. O, bundan əvvəl 2022-ci ildə bu ölkədə olub.
Burak öz karyerası ərzində bütün dünyada ən yaxşı kişi roluna görə çoxlu sayda mükafat qazanıb. O, 2012-ci ildə “GQ” jurnalının “İlin kişisi” mükafatı ilə təltif olunub, 2017-ci ildə isə ən çox müzakirə olunan aktyor adını qazanıb. Reklam biznesində Burakın iştirakı üçün ən nüfuzlu brendlər mübarizə aparır.