21 yanvar 2024 21:00
776

Berlində 20 Yanvar faciəsinin qurbanları anılıb

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, əvvəlcə Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anılıb.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salındığını qeyd edib. Bildirib ki, bu qırğınlar və Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları haqlı olaraq xalqımızın hiddətinə və Azərbaycanda milli azadlıq hərəkatının daha da baş qaldırmasına səbəb olub: “Nəticədə, milli azadlıq hərəkatının yatırılması məqsədilə Sovet qoşunları tərəfindən Bakıda qanlı faciə törədilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Moskvada bu faciənin törədilməsini sərt şəkildə pisləyib”.

Səfir Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının əzmini qıra bilmədiyini, əksinə onun azadlıq uğrunda mübarizəsini daha da alovlandıraraq respublikada Sovet hakimiyyətinə son verdiyini və 1991-ci ilin oktyabr ayında Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini vurğulayıb.

Sonra Azərbaycan-Almaniya Forumunun icraçı direktoru Pərviz Yazdani çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli özünüdərk prosesindəki rolundan danışıb. Almaniyanın yenidən birləşməsi və Azərbaycanın SSRİ-dən ayrılaraq öz müstəqilliyini bərpa etməsi arasında müqayisə aparan Yazdani 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunduğunu bildirib.

Tədbir Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Fidan Ağayeva-Edlerin ifası ilə davam edib.

Anım tədbiri çərçivəsində, həmçinin faciəni əks etdirən fotosərgi nümayiş etdirilib.

Sonda Qara Yanvar şəhidlərinin xatirəsinə ehsan verilib.