20 yanvar 2024 18:32
750

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub

Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində (Yor-Muğanlı) 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Saqareco rayonunun meri Aftandil Qulikaşvili, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidi Ələsgər Qayıbovun yaxınları, məktəblilər yanvarın 20-də Qaraçöp kəndindəki “Şəhidlik” memorialı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Şəhidlərin ruhuna dualar oxunub, məktəblilər 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrundakı mübarizəsindən, sovet imperiya qüvvələrinin xalqlarımızın mübarizə əzmini qırmaq üçün törətdiyi dəhşətli cinayətlərdən, vəhşiliklərdən söz açıb. Bildirib ki, imperiya qüvvələri 1989-cu il aprelin 9-da Gürcüstanda və 1990-cı il yanvarın 20-də Azərbaycanda qırğınlar törətsə də, heç nəyə nail ola bilməyiblər. Xalqlarımız şəhidlərin qanı bahasına suverenliyini bərpa edib, müstəqil dövlət qurublar.

Diplomat bildirib ki, 20 Yanvar faciəsi zamanı 6 Gürcüstan azərbaycanlısı şəhid olub. Onlardan biri də Qaraçöp kənd sakini Ələsgər Yusif oğlu Qayıbovdur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Mer Aftandil Qulikaşvili bildirib ki, qəhrəman övladlarımızın qanı-canı bahasına qazanılan müstəqillik heç zaman süquta uğramayacaq.

Sonra merin nümayəndəsi Natiq Rəsulov və başqaları çıxış edərək Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizələrindən danışıblar. Diqqətə çatdırılıb ki, şəhidlərin xatirəsi daim qəlblərdə yaşayacaq və heç zaman unudulmayacaq.

Sonra səfir F.Quliyev, səfirliyin əməkdaşları və kənd ağsaqqalları şəhidin doğulduğu evdə olub, ailə üzvləri və yaxınları ilə görüşüblər.

Görüşdə bildirilib ki, ailənin xahişi və səfirliyin yaxından iştirakı ilə Bakının N.Nərimanov rayonundakı Ələsgər Qayıbov küçəsində şəhidin xatirə lövhəsi asılıb.

Şəhidin yaxınları və ziyalılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Səfirlik adından şəhidin ailəsinə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, “Şəhidlik” memorialı Gürcüstanın müstəqilliyi uğrunda 1989-cu il aprelin 9-da Tbilisidə və Azərbaycanın müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılıb.

Abidənin müəllifi əslən Saqarecodan olan Azərbaycanın Əməkdar rəssamı Zahid Hüseynovdur (Şəmirli).

Xatirə kompleksi 1991-ci il yanvarın 20-də açılıb.