Azərbaycanın özünəməxsus iqlimi, mədəni mühiti, ənənələri və irsi ilə məşhur olan Göyçə mahalının qədim və maraqlı tarixi var. Burada hər daşın, hər qayanın altında bir tarix yatır. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. 1828-ci ildə İrəvan xanlığı rus qoşunları tərəfindən işğal edildikdən sonra ermənilər İrandan və Türkiyədən köçürülərək burada məskunlaşdırılmışlar. Bundan sonra mahalın üstündən qara buludlar əskik olmamışdır. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında- Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonları bölünmüşdür.
Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqa məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin əsas məktəblərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Dediyimiz kimi, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918–1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının (ADR) ərazisi 114 min kvadratkilometr olmuşdur. 1920-ci ildə ADR-i işğal edən Sovet imperiyası Azərbaycanın qədim əraziləri olan Zəngəzur , Göyçə, Şərur, Dərələyəz mahallarını və Dilican rayonu ərazisini qanunsuz şəkildə və təzyiqlə Ermənistana vermişdir.
"Kitabi-Dədə Qorqud"da rast gəlinən yer-yurd adlarının izini Göyçə gölü boyunca hər tərəfdə tapmaq olar. Bu eposda Göyçə mahalı, Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər azərbaycanlıların qədim yaddaşının və mədəniyyətinin izidir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Dediyimiz kimi, Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin, ozanların vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz-söz ustadları aşıq sənətinə yeniliklər gətirmişlər. Onlar hətta Tükiyədə, İranda da tanınmışlar. Bu yerlərin aşıq-şairləri şad günlərdə gəraylı, gözəlləmə oxumuş, qəmli anlarda qədim qopuzun sədaları altında dərdlərini, iztirablarını, daxili sızıltılarını ifadə etmişlər.
Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin. Toxluca kəndindəki Qanqalı dağı, Qara Quzey dağı, Zod aşırımında Soyuq bulaq, mavi sulu gözəl Göyçə gölü uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısı hesab olunmuşdur. Bu tanrıların simvolları xalça, kilim, palaz sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir.
Göyçə mahalı Basarkeçər, Çəmbərək, Aşağı Qaranlıq, Kəvər kimi bölgələri əhatə edirdi. Bu mahalın Çəmbərək deyilən hissəsində, Ağbulaq, Ardanış, Qaraqaya, Yanıqpəyə, Gölkənd, Toxluca, Çaykənd, Cil, Şorca kimi məşhur və böyük kəndləri var idi.
İrəvan ərazisindəki dilbər guşələrdən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır.
Mahalın ən qədim yaşayış məskənləri Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkəndi), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd, Heyranıs, Atamxan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş, Əyricə, Böyük Məzrə, Kiçik Məzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu), Nərimanlı, Gölkənd (Qaraqoyunlu dərəsi) idi.
1826–1828-ci illər Rusiya-İran və 1828–1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycə ərazisində dağıdılmış kəndlərin siyahısı indiyədək qalır: Buğdatəpə, Hacımuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansara, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansara, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar. Təəssüf ki, siyahıda 19 kəndin adı unudulub.
Göyçə camaatı erməni silahlı dəstələri tərəfindən 1918-ci il soyqırımına məruz qalmışdır. Bir çox kəndlər dağıdılıb-yandırılmış, on minlərlə sakin vəhşi üsullarla qətlə yetirilmişdir. Rayonun adı dəyişdirilərək Vardeniş qoyulmuş, kəndlərin də adları erməniləşdirilmişdir. 1988-ci ildə isə azərbaycanlılar dədə-baba torpaqlarından silah gücünə deportasiya olunmuşlar.
Qeyd etdiyimiz kimi, Göyçə mahalı bir çox dövlət xadimləri, aşıqlar, şairlər, elmin müxtəlif sahələri üzrə alimlər yetişdirmişdir. Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Əsəd, Aşıq Nəcəf, Səmənd Ağa, Qlava Balı, Hacı Nağı, Talıb Musayev, Yunis Rzayev, Rəşid İbrahimov, Tapdıq Əmiraslanov, Qəşəm Aslanov və hazırda həyatda olanlar isə yüzlərlədir.
Azərbaycan rəhbərliyi İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizdən sonra göyçəlilərin də öz yurdlarına qayıtmaları üçün tədbirlər görməkdədir. Arzu edək ki, tarix boyu zillət çəkmiş göyçəlilər nəhayət, öz doğma yurdlarına qayıdacaq, dədə-baba torpaqlarında firavan həyat sürəcəklər.
Vəli İlyasov, “İki sahil”