Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanda ilk dəfə keçirilən "Xalqın mədəni sərvəti” layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Filarmoniyadan "İki sahil"ə verilən xəbərə görə, 8 yanvar tarixindən başlayan Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun əsərlərindən ibarət “Musiqi paradı” başa çatıb.
Təntənəli bağlanış mərasimində qonaqlar əvvəlcə foyedə gənc Gəncə rəssamlarının Fikrət Əmirova həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib. Eyni zamanda vurğulayıb ki, Gəncə -
Daşkəsən Regional Mədəniyyət İdarəsi ilə birgə həyata keçirilən bu layihənin məqsədi istedadları üzə çıxarmaq, düşünülmüş “Musiqi paradı” xalqımızın istedadlı övladlarının gələcəkdə təbliği üçün nəzərdə tutulub.
Ramil Qasımov 8-14 yanvar tarixlərində ümumi layihə zamanı 4000-ə yaxın musiqiçinin iştirak etdiyini bildirib.
“Böyük qürurla deyə bilərik ki, Gəncə torpağının yetişdirdiyi istedadlar inanıram ki, gələcəkdə Azərbaycan mədəniyyətinə, musiqisinə böyük töhfələr bəxş edəcəklər”. – deyə Ramil Qasımov qeyd edib.
Təntənəli bağlanış mərasimində Gəncə şəhərində fəaliyyət göstərən Fikrət Əmirov adına 1 saylı UMM, Telman Hacıyev adına 2 saylı UMM, 3,4,5 saylı UMM-ləri, Uşaq İncəsənət Məktəbi, Naftalan şəhər UMM, Goranboy şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy rayonunda fəaliyyət göstərən UMM-ləri, Daşkəsən şəhər Uşaq İncəsənət Məktəbi, Samux rayonunda fəaliyyət göstərən UMM-nin şagirdləri görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərini səsləndiriblər.