Bakıdakı Rus evində "Rus qışı" Festivalı çərçivəsində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti keçirilib. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
“İki sahil” xəbər verir ki, bayram gecəsinin əvvəlində Rus evi rəhbərinin müavini Dmitri Yeqorov salamlama nitqi ilə çıxış edib, ötən ildə fəal yaradıcılıq əməkdaşlığına görə BMA nümayəndələrinə təşəkkür edərək, onlara mükafat təqdim edib.
Tədbir bayram konsert proqramı ilə davam edib. Tamaşaçılar üçün keçmiş illərin ən sevimli hitləri və yerli və xarici estradanın müasir vokal və instrumental hitləri səsləndirilib. Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyar Əliyev, BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, həmçinin Cavid Babayev, Amin Heydərov, Ramil Davudzadə və aktyor və rejissor Samir Ələsgərov dinləyicilərə unudulmaz gün bəxş ediblər.
Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub.