10 mart 2018 01:00
1020

Milli teatrımız bu gün də, gələcəkdə də yaşayacaq

145 il bundan əvvəl - 1873-cü il mart ayının 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə Azərbaycan peşəkar milli teatrının əsası qoyulmuşdur.

Azərbaycanda  teatr  sənətinin, xalq teatrımızın tarixi çox-çox qədimlərdən başlayır. Qobustan, Gəmiqaya rəsmlərinə əsaslanaraq qeyd etmək olar ki, Azərbaycan ərazisində teatr ənənələri qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı  xalq oyunları, xalq komediyaları, meydan və qaravəlli tamaşaları, bayram məzhəkələri teatr sənətimizin ilk nümunələri kimi çox maraqlıdır. Xalqımızın yaradıcı təfəkkürünü əks etdirən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar milli teatrın yaranmasında əhəmiyyətli rol oynamışlar. Azərbaycan milli teatrının yaradılmasında Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlovun xüsusi xidmətləri olmuşdur. Yaxın Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqün formalaşmasında, maariflənmənin sürətlənməsində mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların əsl carçısına çevrildi. Ümummilli lider Heydər Əliyev Azərbaycan milli teatrının qazandığı böyük nailiyyətlərlə bağlı deyirdi: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır”.

Mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatrımız dövlət müstəqilliyimizin bərpasından sonra öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Milli teatra diqqət və qayğı daha da artırıldı. Aktyor və rejissorların səmərəli, mükəmməl fəaliyyət göstərməsi üçün teatr binalarının təmiri və bərpasına başlanılmış, eləcə də yaradıcı kollektivlərin əməkhaqları dəfələrlə artırılmış, ayrı-ayrı istedadlı, görkəmli sənətkarlara fəxri adlar, mükafatlar, Prezident təqaüdü verilmişdir.

Azərbaycan teatrının beynəlxalq əlaqələri də genişlənmişdir. Respublikada fəaliyyət göstərən 27 dövlət teatrının və bu şəbəkəyə daxil olan digər qurumların səmərəli fəaliyyətini təmin etmək məqsədilə dövlət onlara hər cür qayğı göstərir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev də teatr sənətinin inkişafına xüsusi diqqət göstərir, bu sahədə səmərəli islahatlar həyata keçirir. Dövlət başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 19 fevral 2007-ci il tarixli, “2009-2019-cu illərdə Azərbaycan teatrının inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 18 may 2009-cu il tarixli sərəncamları bunu bir daha təsdiq edir. Azərbaycan teatrının inkişaf perspektivlərini müəyyənləşdirən bu dövlət sənədləri milli-mədəni sərvətimizə çevrilən səhnə sənətimizin yaradıcılıq ənənələrinin qorunmasında, teatrların maddi-texniki bazalarının gücləndirilməsində mühüm əhəmiyyətə malikdir.

Ötən 145 il ərzində milli teatrın inkişafında fədakarcasına yaşayıb-yaratmış insanların mənalı həyat yolu heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə sənət korifeyləri xatırlanır, onların təcrübəsi, qoyub getdikləri mənəvi irs öyrənilir.

Mənsumə Babayeva, “İki sahil”